2025-ci ilin 29 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Fuad Xankişiyevin həyat və döyüş yolundan bəhs edən “Mən gedirəm” kitabının və “Şərəfli yol” filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə şəhidin ailə üzvləri, MDU və Mingəçevir Turizm Kollecinin (MTK) akademik-inzibati heyəti, tələbə və magistrantlar iştirak ediblər. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqində MDU-nun rektoru Anar Eminov şəhid Fuad Xankişiyevin Vətən müharibəsində göstərdiyi şücaət və fədakarlıqdan bəhs edib. Rektor həmçinin, universitetdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində görülən işlərdən danışıb və şəhid ailələrinə göstərilən diqqət və qayğının davam etdiriləcəyini bildirib.
Sonra şəhidin anası Sabiqət Xankişiyeva çıxış edərək oğlunun uşaqlıq illərindən və Vətənə olan sevgisindən danışıb. O, Fuadın həm idman sahəsindəki uğurlarından, həm də dizayner kimi fəaliyyətindən söz açıb. Şəhid anası tədbirin təşkilinə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.
MTK-nın direktoru Kamal Əhmədov çıxışında Fuad Xankişiyevin kollecdəki təhsil illərindən və onun nümunəvi tələbə kimi yadda qalmasından bəhs edib. Direktor həmçinin, şəhidin vətənpərvərlik ruhunun gənclərə örnək olduğunu vurğulayıb.
Tədbir çərçivəsində şəhidin həyat və döyüş yolundan bəhs edən “Şərəfli yol” filmi nümayiş etdirilib. Filmdə şəhidin ailə üzvləri, dostları, iş və döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər. Daha sonra Fuad Xankişiyevin əl işlərinin nümayiş etdirildiyi videoçarx izlənilib.
Film və videoçarxdan sonra şəhidin döyüş yoludan bəhs edən “Mən gedirəm” kitabına baxış keçirilib. Kitabda şəhidin döyüş yolu, şücaəti barədə məlumatlar yer alıb, ailə üzvləri, dostları, iş və döyüş yoldaşlarının onunla bağlı xatirələri toplanıb.
Sonda universitetin tələbələrinin ifasında Vətənpərvərlik ruhunda şeir və musiqi səsləndirilib.
Qeyd edək ki, Fuad Xankişiyev 1996-cı il aprelin 12-də Mingəçevirdə anadan olub. Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib və 2020-ci il noyabrın 3-də qəhrəmancasına şəhid olub. Şəhid Fuad Xankişiyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.