“Heydər Əliyev İli” çərçivəsində 2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə xüsusi fərəhlə qeyd edilir. Belə ki, MDB və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Gününün təsis edilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və Ulu Öndərin Azərbaycan gəncliyinə verdiyi yüksək dəyərin ifadəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.
O bildirib ki, əbədiyaşar liderin əsasını qoyduğu gənclər siyasəti hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublika əhalisinin əksər hissəsini təşkil edən gənclər dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub və onların hərtərəfli inkişafı üçün bütün imkanlar təmin edilib: “Bu gün cəmiyyət həyatının bütün sahələrində gənclər mühüm vəzifələrdə irəli çəkilir. Parlaq gələcəyimizin təminatçısı olan gənclərin vətənpərvər, yüksəkixtisaslı və peşəkar kadrlar kimi yetişdirilməsi, onların bilik və bacarıqlarının üzə çıxarılması, potensiallarının gücləndirilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi məhz müasir gənclərimizə olan böyük inamın və gözləntilərin təzahürüdür. Fərəhləndirici haldır ki, ölkə daxilində və beynəlxalq miqyasda elm, təhsil, mədəniyyət, incəsənət, idman və digər bütün sahələrdə fəal təmsil olunan Azərbaycan gəncləri əldə etdikləri uğurlarla bu etimadı layiqincə doğruldurlar. Ən yeni tariximizdə gənclərimizin ağır və həlledici sınaqlardan üzüağ çıxması bunu bir daha təsdiq edir. Belə ki, COVID-19 pandemiyasına qarşı mübarizə şəraitində yardımsevər azərbaycanlı gənclər nümunəvi maarifləndirici və sosialyönümlü təşəbbüsləri ilə ölkə miqyasında bu istiqamətdə həyata keçirilən fəaliyyətlərə əhəmiyyətli töhfə vermişlər”.
Rektor qeyd edib ki, 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda həm döyüş meydanlarında, həm də informasiya cəbhəsində böyük şücaət və fədakarlıq göstərən Azərbaycan gəncləri tarixi Zəfərin qazanılmasında mühüm pay sahibi oldular. “Gənclərimiz xalqımızın qəhrəmanlıq salnaməsini yazaraq gücünü və əzmini bütün dünyaya nümayiş etdirdilər. Xalqımızın xoşbəxt gələcəyi naminə canından keçən şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq, qazilərimizə isə şəfa diləyirik”, – deyə o əlavə edib.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq və abadlıq işlərində gənclərin fəal iştirakının böyük fəxr və rəğbət hissləri ilə qarşılandığını söyləyən Ş.Bayramov bildirib ki, gənclərimiz öz intellektual potensiallarını, bilik və bacarıqlarını səfərbər edərək Böyük Qayıdış prosesinin sürətlə reallaşdırılmasına hədəflənən fəaliyyətlərdə əhəmiyyətli rol oynayırlar.
“Xüsusi olaraq vurğulamaq istərdim ki, 2023-cü il üçün Mingəçevir şəhərinin “Gənclər paytaxtı” seçilməsi mingəçevirli gənclər üçün bu günün əhəmiyyətini və əlamətdarlığını daha da artırıb. Hesab edirəm ki, bu hadisə şəhər gənclərinin, o cümlədən onların fəal hissəsinin təmsilçilərindən olan Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları, tələbə və magistrantlarının inkişafı və potensiallarının reallaşdırılması üçün geniş fürsətlər yaradacaq. Əminik ki, Azərbaycanın daha da güclənməsi və tərəqqisi naminə gənclərimiz üzərilərinə düşən vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək və daha böyük uğurlarla xalqımızı qürurlandırmaqda davam edəcəklər”, – deyə MDU-nun rektoru qeyd edib.