Mingəçevir Dövlət Universiteti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıyaq” adlı təqdimat keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universiteti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıyaq” adlı təqdimat keçirilib

 

19 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi (TVİM) və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə şəhid məzunların əziz xatirəsinə həsr olunan “Qəhrəmanlarımızı tanıyaq” adlı təqdimat mərasimi keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən təqdimatda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Təqdimata MDU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Qurban Qurbanzadə moderatorluq edib.

Diqqətə çatdırılıb ki, tədbirin əsas məqsədi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış tələbə məzunların xatirəsini yaşatmaq və onların qəhrəmanlıqlarını gənc nəsil arasında örnək olaraq təbliğ etməkdir.

Tədbirdə BDU-dan TGT-nin sədr müavini Ələkbər Həsənov, MDU-dan TVİM-in koordinatoru Minayə Hüseynova, TGT-nin sədri Pənah Kərimov və tələbələr Nihad Cəfərli, Günay Nəsibova, Rəşad Quliyev, Aysel Hüseynova və Fəqan Sadıqov təqdimatlarla çıxış ediblər.

Çıxışlarda tarixi zəfər yürüşündə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhadətə yüksələn BDU-nun 19, MDU-nun 5 məzun və tələbəsinin həyatı və keçdikləri şərəfli döyüş yolları haqqında ətraflı məlumatlar verilib, onlarla bağlı xatirələr diqqətə çatdırılıb.

Qeyd edilib ki, 2020-ci ilin sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə Azərbaycanın tarixinin şanlı səhifələrini təşkil edir. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Əsgərinin qəhrəmanlığı, sarsılmaz dövlət, ordu və xalq birliyi sayəsində apardığımız haqq mübarizəsi tarixi ədalətin və milli qürurun bərpa olunması ilə nəticələnib. Vətənin mərd oğulları canları və qanları bahasına 30 il işğal altında qalan əzəli torpaqlarımızı düşmən tapdağından azad edib və doğma Qarabağ həsrətinə son qoyublar.

Tədbirdə universitetin qəhrəman məzunları ilə qürur duyduqlarını bildirən tələbələr böyük şücaət, fədakarlıq və vətənpərvərlik nümunələri ilə qəhrəmanlıq salnaməsini yazaraq Vətən yolunda şəhidlik zirvəsinə ucalan igid əsgər və zabitlərimizin əziz xatirəsinin daim yaşayacağını və böyük ehtiramla anılacağını bildiriblər.

Qeyd edək ki, tələbələrin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsi işinə xüsusi önəm verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsinə, cəsur əsgər və zabitlərimizin göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin gənclərə ötürülməsinə xidmət edən müxtəlif formatlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.

{phocagallery view=category|categoryid=770|limitstart=0|limitcount=0}