Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Zamanın mühəndisliyi: üç nəsil — bir gələcək” mövzusunda tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi mühəndislik sahəsində nəsillərarası bilik və təcrübə mübadiləsini təşviq etmək, gənc mühəndislərin peşəkar inkişafına dəstək olmaq və mühəndislik düşüncəsinin zamanla necə formalaşdığını nümayiş etdirmək olub.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin üç fərqli dövrünü təmsil edən məzunlar iştirak ediblər. Qonaqlar sırasında MDU-nun ilk nəsil məzunu Hüseyn Həşimov, orta nəsil məzunu Ruslan Abdullayev və MDU-nun gənc nəsil məzunu Əli Qurbanov qonaq qismində yer alıb.
“Keçmiş. Bu gün. Gələcək” adlı müzakirə paneli çərçivəsində Hüseyn Həşimov mühəndislik fəaliyyətinə başladığı dövr, peşə yolunda qarşılaşdığı çağırışlar və qazandığı təcrübələr barədə danışıb. Ruslan Abdullayev müasir dövrdə mühəndis üçün vacib olan bacarıqlar, ali təhsildə əldə olunan nəzəri biliklərin praktik əhəmiyyəti və fakültədə formalaşan peşə bazasının rolu ilə bağlı fikirlərini bölüşüb. Gənc məzun Əli Qurbanov isə mühəndislik yolunu seçmə səbəblərindən, bu peşəyə baxışından və 10–20 il sonra mühəndis obrazını necə təsəvvür etdiyindən bəhs edib.
Tədbirin interaktiv hissəsində “Nəsillər arasında mühəndislik körpüsü” mövzusunda fikir mübadiləsi aparılıb. Qonaqlar müxtəlif nəsillərin bilik, dəyər və məsuliyyət anlayışlarının mühəndislik sahəsində davamlı inkişafın əsasını təşkil etdiyini vurğulayıblar.
Daha sonra “Bir problem — üç yanaşma” adlı keys tapşırığı təqdim olunub. MDU-nun yeni tikilən kampusu nümunə götürülərək “ağıllı və ekoloji təmiz kampus üçün mühəndis həlli” mövzusu ətrafında müzakirələr aparılıb. Enerji səmərəliliyi, yaşıl mühit, rəqəmsal idarəetmə və rahat infrastruktur kimi məsələlər diqqət mərkəzində olub. Tələbələr müzakirədə fəal iştirak edərək öz təklif və baxışlarını səsləndiriblər.
Tədbirin sonunda mühəndisliyin yalnız bir peşə deyil, düşüncə tərzi və ömür boyu davam edən bir yol olduğu xüsusi vurğulanıb. Qeyd olunub ki, mühəndislik zamanı birləşdirən, nəsilləri yaxınlaşdıran və cəmiyyətin inkişafına xidmət edən strateji sahələrdən biridir.
Sonda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclər təbrik olunub, onlara uğurlar və aydın gələcək arzulanıb.