2024-cü il 18, 19 və 20 sentyabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci tədris ilinin başlanması münasibətilə universitetin professor-müəllim və inzibati-texniki heyət üzvləri ilə görüşlər keçirilib.
MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov əvvəlcə bütün kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb. O, yeni tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, kadr hazırlığının daha da təkmilləşdirilməsi, MDU-nun cəmiyyətdəki rolunun gücləndirilməsi, tələbə gənclərin hərtərəfli inkişafı, universitet-sənaye əməkdaşlığının möhkəmləndirilməsi, MDU-nun mətbuatda təbliği və digər vacib istiqamətlərdə görüləcək işlər, həmçinin universitetin müasirləşməsi istiqamətində atılan önəmli addımlardan danışıb.
Ü. Zeynalov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təqaüd proqramları və Təhsilin İnkişafı Fondunun “IELTS imtahanına təşviq” layihəsi haqqında geniş məlumat verib. Ötən illərdə olduğu kimi, bu tədris ilində də Fulbright proqramı çərçivəsində daha bir amerikalı mütəxəssisin MDU-da bir il fəaliyyət göstərəcəyini qeyd edən prorektor, tələbələrin yaradılan şəraitdən faydalanması üçün akademik heyətin dəstəyinin vacibliyini vurğulayıb.
Görüş cari tədris ilində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi ilə davam edib.