12-13 oktyabr 2024-cü il tarixlərində Gəncə şəhərində, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə “İNNOSTART” hakaton yarışı keçirilib. Bu tədbir regionlarda startap ekosisteminin inkişafına təkan vermək, gənclərin və tələbələrin yaradıcı ideyalarının biznesə çevrilməsini dəstəkləmək məqsədi daşıyır.
Hakatonun iki günlük tədbiri çərçivəsində komandalar intensiv şəkildə mentorların dəstəyi ilə innovativ həllər üzərində çalışıb, qalib olmaq üçün mübarizə aparıblar. Mingəçevir Dövlət Universiteti bu hakatonda WasteWise, SmartParkX, Greenweb, Ecoreview və bir fərdi komanda olmaqla ümumilikdə 5 komanda və 3 mentorla təmsil olunub. Bu komandalar texnologiya və innovasiya sahəsində mütərəqqi ideyaları ortaya qoyaraq böyük maraq toplayıblar.
Yarışda təqdim edilən ideyalar texnologiya və innovasiyanın inkişafına təkan vermək, eyni zamanda gənc mütəxəssislər üçün yeni imkanlar yaratmaq məqsədini daşıyıb. Yarış çərçivəsində ən yaradıcı və innovativ həllər təklif edən komandalar mükafatlarla təltif olunub. komandalar növbəti mərhələdə inkubasiya proqramına dəvət edilib və onlara layihələrini daha da inkişaf etdirmək üçün lazımi köməklik göstəriləcəyi bildirilib. “WasteWise”, “SmartParkX”, “Greenweb” və “Ecoreview” komandalarının hər biri sosial ekosistem, smart şəhər texnologiyaları və ətraf mühitin mühafizəsi sahəsində innovativ yanaşmaları ilə müsabiqədə diqqəti cəlb edib. Gənc texnologiya həvəskarları bu hakatonda öz potensiallarını sınayaraq biznes sektorunun diqqətini cəlb etməyi bacarıblar. Bu tədbir, gənclərə innovativ ideyalarını gerçəkləşdirmək üçün imkanlar yaradaraq, regionda iqtisadi inkişafa təkan verməyi hədəfləyir.