Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi”
V ümumrespublika bilik yarışı keçirilib
Oktyabrın 18-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib.
Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihə Azərbaycan xalqının Ümummilli Liderinin həyat və fəaliyyətinin öyrənilməsi, onun irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır.
Tədbirdə məlumat verilib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il təşkil olunur. Budəfəki yarışın oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə keçirilməsi təsadüfi deyil. Bu gün Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etməsindən 27 il keçir. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, 1993-cü il iyunun ortalarınadək ölkədəki mövcud vəziyyət bu müstəqilliyin kövrək olduğunu göstərdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanda sabitliyin və inkişafın başlanğıcı oldu. Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hər sahədə inkişaf etdi.
Qeyd edilib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında 47 ali təhsil müəssisəsinin komandaları iştirak edir. Azərbaycan İlahiyyat İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının komandaları bu il ilk dəfə olaraq müsabiqəyə qoşulublar.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetini 8 tələbə təmsil edib:
1. Qarayeva Gülnaz Mirələm
2. Xəlilov Xəyal Mübariz
3. Həşimli Yusif Xəyyam
4. Hacıyeva Kəmalə Adışirin
5. Hacıyeva Təranə Adışirin
6. Abdullayeva Xədicə Elxan
7. Həsənov Şamil Vüqar
8. Məmmədova Günel Sarı
Ali təhsil müəssisələrində əyani əsaslarla bakalavr və magistr səviyyələri üzrə təhsil alan tələbələr bu il də müsabiqəyə hazırlıq məqsədilə Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Onlar Mərkəzdəki Heydər Əliyev Muzeyində Azərbaycan tarixinə, Ümummilli Liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, burada toplanmış arxiv materialları əsasında araşdırma aparıblar.
Sonra tələbələrin yarışa hazırlığını əks etdirən videoçarx nümayiş olunub.
Müsabiqə 3 turda keçirilib və hər turda Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyevin irsini əhatə edən 12 sual səsləndirilib. Qalib komandalar turlar üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib və mükafatlandırılıb.
Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.
İlk dəfə yarışmada iştirak edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının II kurs tələbəsi Polad Həbibov təəssüratlarını bölüşərək deyib: “Artıq bir neçə dəfədir intellektual oyunlarda iştirak edirəm, lakin belə miqyasda bir yarışda olmamışdım. Bundan böyük qürur hissi duyuram. Bu yarışma bizə Heydər Əliyev şəxsiyyəti, Ulu Öndərin həyatı və irsi ilə daha yaxından tanış olmağa imkan verdi. Ümidvaram ki, maraqlı oyun keçəcək, bütün komandalara uğurlar arzulayıram”.
Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Firudin Həmidli yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq deyib: “Bu ilin fevralında Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla yaradılmış İlahiyyat İnstitutu bu yarışmada ilk dəfə iştirak edir. Yarışın ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması bizə xüsusi stimul verir. Bu yarışda daha həvəslə iştirak edirik. Komandamız bilik yarışmasına ciddi hazırlaşıb, özümüzə güvənirik və uğur əldə edəcəyimizə inanırıq”.
Bilik yarışında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının komandası birinci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası ikinci, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası üçüncü yerlərə layiq görülüblər.
Qalib komandalar mükafatlandırılıb.
Yarışın qalibi olan Dövlət Sərhəd Xidməti Akademiyasının IV kurs tələbəsi, kiçik çavuş Seyidəli Abbasov yarışa çox ciddi hazırlaşdıqlarını bildirib: “Ötən il olduğu kimi, bu ildə yarışın qalibi olduğumuz üçün çox sevinirik. Bu qələbənin Sərhəd Qoşunlarının yaranmasının 100 illiyi ərəfəsinə təsadüf etməsi bizi daha çox sevindirir. Ümummilli lider Heydər Əliyevin adını daşıyan bu yarışın təşkilində və keçirilməsində əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Yarışma ildən-ilə daha da təkmilləşir. Bu il əvvəlki illərlə müqayisədə suallar daha çətin idi. Buna baxmayaraq, gücümüzü göstərdik və qələbə qazandıq. Buna görə çox sevinirik”.
Ümummilli lider Heydər Əliyevə həsr olunan bilik yarışında iştirak etməyin hər bir azərbaycanlı gənc üçün böyük fəxr olduğunu söyləyən Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandasının kapitanı Bəxtiyar Əlizadə yarışmada uğur əldə etdiklərinə görə çox sevindiyini bildirib. O, Ulu Öndərin irsinin tələbələr və gənclər arasında təbliğ olunmasında və bu cür bilik yarışlarının təşkil edilməsində böyük rolu olan Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetini bu yarışlarda Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov və Fərman Məmmədov müşayət ediblər.
{phocagallery view=category|categoryid=78|limitstart=0|limitcount=0}