2024-cü ilin 7 iyununda Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli təmin olunması və pozulmasının qarşısının alınması” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbirdə MDU-nun akademik heyət üzvləri və tələbələr iştirak edib.
Açılış nitqi ilə çıxış edən MDU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev insan hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini ali məqsəd kimi qarşıya qoymuş dövlətimizin xalqın və hər bir vətəndaşın sosial rifahının yüksəldilməsi üzrə görmüş olduğu tədbirlər barədə məlumat verib. Bildirib ki, 1998-ci il iyunun 18-də Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz “insan meyarı”nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq etmişdir. Məhz həmin tarixdən sonra, ölkəmizdə demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə olunmuşdur.
V.Mustafayev insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilən ilk strateji sənədin imzalandığı həmin tarixin dövlət başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edildiyinə diqqət çəkib və Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlərin səmərəli nəticələrindən bəhs edib.
Ardınca mövzu ilə əlaqədar məruzələr dinlənilib. MDU-nun hüquqşünası Polad Atayev “İnsan və vətəndaşın əsas hüquq və azadlıqları, onların növləri və müdafiəsinin səmərəli təmin edilməsi” və MDU-nin müəllimi Hüseyn Əsgərov “Hüquqi yardım almaq hüququ: anlayışı və zərurəti” adlı mövzularda çıxış ediblər.