İctimai Nəzarət Şurası
Ölkə və beynəlxalq təcrübə göstərir ki, vətəndaş cəmiyyəti strukturlarının dövlət orqanlarının işində yaxından iştirak etməsi, verilən qərarlarda təsiretmə gücünə sahib olması effektiv üsuldur. Belə olan halda vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipi təmin olunur.
Hazırda Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin diqqətdə saxladığı əsas məsələlərdən biridir. 2014-cü ildə “İctimai iştirakçılıq haqqında” Qanunun qüvvəyə minməsi bu fəaliyyəti daha da sürətləndirib. Bu Qanunun qəbulu ilə müvafiq strukturlar yanında ictimai şuraların yaradılması məcburi xarakter daşıyır. Bütün bunlar həyata keçirilməklə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət-vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur.
Qeyd olunanları nəzərə alaraq, rektorun 29 aprel 2025-ci il tarixli 01-02/170 nömrəli əmri ilə Mingəçevir Dövlət Universitetində İctimai Nəzarət Şurası yeni tərkibdə yaradılıb.
İctimai Nəzarət Şurasının əsas məqsədi aşağıdakılardan ibarətdir:
– maraqlı tərəflərin MDU-nun idarə olunmasında iştiraka cəlb edilməsi;
– MDU-nun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi;
– universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili;
– aşkarlığın və şəffaflığın təmin olunması;
– əməkdaşların və təhsil alanların hüquqlarının müdafiəsi;
– MDU-da fəaliyyətlərin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi.
İctimai Nəzarət Şurasının əsas vəzifələri aşağıdakılardan ibarətdir:
– MDU-nun inkişaf strategiyasının və fəaliyyət proqramlarının formalaşdırılmasında fəal iştirak etmək;
– təhsil, elm, texnika, mədəni sahələrdə, eləcə də beynəlxalq əlaqələr sahəsində MDU-nun dövlət, ictimai, işgüzar strukturlarla əməkdaşlığının inkişaf etdirilməsinə yardım etmək;
– MDU-nun təhsil, elm, sosial-ictimai və digər sahələrdə fəaliyyətini təbliğ etmək;
– MDU-nun intellektual və fiziki resurslarından istifadənin səmərəliliyini dəyərləndirmək və artırmaq istiqamətində tövsiyələr vermək.