2024-cü ilin martın 15-də Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) “Elm Günü”nə həsr edilmiş “Yaşıl dünya gənclərə əmanət, gələcəyə mirasdır” mövzusunda elmi konfransı keçirilib. Konfransda MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli giriş sözü ilə konfransı açaraq, cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin respublikamızda “yaşıl” iqtisadiyyatın, “yaşıl” enerjinin, “yaşıl” texnologiyaların, geniş mənada “yaşıl” dünyanın inkişafına hesablanmış strateji addım olduğunu söyləyib. O, qlobal ekoloji problemlərlə qarşılaşan müasir dünyamızda yeni, ekoloji cəhətdən təmiz enerji mənbələrinin tətbiqinin əhəmiyyətini önə çəkib və qeyd edib ki, artıq bir sıra dünya ölkələri enerji təhlükəsizliyinin təmin edilməsi və bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsini özünün prioritet vəzifəsi sayır. Ona görə də tələbələr bu sahənin araşdırılmasına, tədqiqatına xüsusi önəm verməli olduqlarını bildirən fakültə dekanı konfransın işinə uğurlar arzulayıb.
Sonra konfransın proqramına uyğun olaraq tələbələrin məruzələri dinlənilib.
MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən Kənan Mustafayev “Azərbaycanda sosial-iqtisadi inkişafın səciyyəvi xüsusiyyətləri”, Qaragöz Qasımova “Yaşıl iqtisadiyyatın formalaşmasında vergi tənzimlənməsi”, İsa İsazadə “Tələbələrdə yumşaq bacarıqların inkişaf etdirilməsi zəruriliyi”, Namiq Qədimli və Aqil Mustafayev ““GREEN” Economic potential of liberated territories (İşgaldan azad edilmiş ərazilərin “Yaşıl” iqtisadiyyat potensialı), Emin Şirinov “Rəqəmsal bankçılığın müasir iqtisadiyyatda rolu”, Rəcəb Tanrıverdiyev “Sahibkarlıq fəaliyyətində tullantıların idarə edilməsi və təkrar emalı”, Aytəkin Vəliyeva ““Yaşıl enerji” konsepsiyası: Qarabağ və Şərqi Zəngəzur üçün böyük perspektivlər”, Rəqsanə Zeynalova “İşğaldan azad edilmiş ərazilərdə əmək resurslarından səmərəli istifadə istiqamətləri”, Mələkxanım Soltanova “Azərbaycanda Eko-Turizmin inkişafı perspektivləri: Yaşıl dünya ili kontekstində” və Arif Həsənov “Yaşıl menecment” mövzularında məruzələrini təqdim ediblər.
Təqdim edilən məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, müzakirələr aparılıb.
Konfransın yekununda tələbələrin məruzələri müsbət dəyərləndirib, müvafiq tövsiyələr bildirilib və təkliflər irəli sürülüb.
Qeyd edək ki, “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.