2025-ci il iyulun 1-də Mingəçevir Dövlət Universiteti (MDU) və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə dahi azərbaycanlı filosof və riyaziyyatçı Nəsirəddin Tusi adına Beynəlxalq Mühəndislik və Tətbiqi Elmlər Konfransı və dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş Beynəlxalq Sosial və Humanitar Elmlər Konfransı keçirilib.
Konfransın plenar iclası hər iki ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının səsləndirilməsi ilə başlayıb.
Plenar iclası giriş nitqi ilə açan MDU-nun rektoru Anar Eminov hər iki dahi şəxsiyyətin – “Şərq rasionalizminin simvolu” kimi tanınan Nəsirəddin Tusinin elmi irsinin və Azərbaycan mədəniyyətinin incisi Nizami Gəncəvinin ədəbi-bəşəri fikirlərinin bu gün də aktuallığını vurğulayıb. Rektor beynəlxalq miqyasda keçirilən belə konfransların Azərbaycan, Türkiyə və çoxsaylı ölkələrin alim və tədqiqatçılarını bir araya gətirməklə elmi əməkdaşlığa mühüm töhfə verdiyini qeyd edib, bu cür tədbirlərin davamlı olaraq təşkil edilməsinin vacibliyini vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.
Daha sonra MDU-nun Elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov, Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev və “İKSAD Azərbaycan”ın baş koordinatoru Əlvan Cəfərov çıxış ediblər. Çıxışlarda hər iki konfransın əhatə dairəsi, elmi tədqiqat istiqamətləri və beynəlxalq iştirakçılıq statistikası barədə məlumatlar təqdim olunub. Bildirilib ki, Nəsirəddin Tusi konfransına dünyanın 9 ölkəsindən 33 elmi məqalə və tezis, Nizami Gəncəvi konfransına isə dünyanın 10 ölkəsindən 69 məqalə və tezis təqdim edilib. Bu məqalələr arasında müvafiq olaraq 11 və 34 tədqiqat işi MDU əməkdaşlarının imzasını daşıyır.
Konfransın plenar iclasından sonra bölmə iclasları öz işinə başlayıb. Sessiyalar həm əyani, həm də onlayn formada hibrid şəkildə təşkil olunub və elmin müxtəlif sahələrini əhatə edib. Sessiyalarda mühəndislik, tətbiqi elmlər, humanitar və sosial sahələr üzrə aktual tədqiqatlar təqdim edilib, maraqlı müzakirələr aparılıb.
Qeyd edək ki, MDU və İKSAD arasında uğurlu əməkdaşlığın növbəti nümunəsi olan bu konfrans, elmi dialoqun genişlənməsi, beynəlxalq təcrübə mübadiləsi və gənc tədqiqatçıların təşviqi baxımından əhəmiyyətli bir platforma kimi qiymətləndirilib.