2023-cü ilin 5-7 oktyabr tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) Konyada Beyşehirdə Səlcuq Universiteti Beyşehir Ali Akkanat Turizm fakültəsinin təşkilatçılığı və evsahibliyi ilə keçirilmiş I Beynəlxalq Göl Turizmi və Turizmdə Mövcud Trendlər Konqresinə (1st Internatıonal Lake Tourism And Current Trends In Tourism Congress – ILTC 2023) tərəfdaşlıq edib.
Turizm sahəsində tanınmış adları, nüfuzlu alimləri, peşəkarları və maraqlı tərəfləri bir araya gətirən ILTC 2023 turizm, göl turizmi, davamlılıq həlləri, rəqəmsal transformasiya və gələcək tendensiyalarla bağlı digər bir çox aktual mövzuları əhatə edib.
Konqresin sədri, Beyşehir Ali Akkanat Turizm fakültəsinin dekanı professor Abdullah Karamanın açılış nitqi ilə başlayan bu mötəbər tədbirdə Massaçusets Universitetindən professor Müzəffər Uysal, Türk-Alman Universitetindən professor Ruhet Genç, Abu Dabi Qadın Kollecinin Ali Texnologiyalar Kollecindən Katia İankova, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirinin müşaviri cənab Hayri Çavuşoğlu əsas məruzəçi qismində çıxış ediblər. Məruzələrdə turizm sənayesinin yeni trendlərindən, turizmin inkişafında dövlətin və ictimaiyyətin rolundan, göllərin destinasiya olaraq əhəmiyyətindən və göl turizminin perspektivlərindən bəhs edilib.
Bundan əlavə, ILTC 2023 çərçivəsində Türkiyədə ilk dəfə olaraq “Bələdiyyə Başçılarının Xüsusi Sessiyası” da baş tutub. Sessiyada Konyanın Beyşehir Bələdiyyə Başçısı Adil Bayındır, Uzundərə Bələdiyyə Başçısı Hilmi Aktoprak, Ahlat Bələdiyyə Başçısı Abdulalim Mümtaz Çoban və Ermenek Bələdiyyə Başçısı Mustafa Bozcu çıxış edərək bölgədə göl turizminin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.
Sonra, Konqres işini panel sessiyalarda çıxışlar və müzakirələrlə davam etdirib. Konqres çərçivəsində, həmçinin sərgi və tur proqramı təşkil olunub.
Qeyd edək ki, Konqresin materiallarının toplusundan ibarət kitab dərc edilərək saytda yerləşdirilib. MDU əməkdaşlarından Aysel Qocayevanın “Mingəçevir şəhərinin rekreasiya-turizm zonası kimi fəaliyyət göstərməsində Mingəçevir su anbarının rolu”, Lalə Əhmədovanın “Ağgöl və Göygöl Milli Parklarının turizm potensialının qiymətləndirilməsi”, Vüqar Mustafayev, Günel Kərimli və Leyla İsmayılzadənin “Qastronomiya turizmi: bu gün və sabah” və Dinara İslamovanın həmmüəlliflik etdiyi “Səyahət agentliklərində süni intellektin tətbiqi ilə neyron agent modelinin qurulması” adlı məqalələri də kitabda yer alıb. Məqalələrlə aşağıdakı linkdə ətraflı tanış olmaq olar (https://iltc.selcuk.edu.tr/FP/kitapcik.pdf).