MDU-da Dünya Robot Olimpiadası ilə bağlı infosessiya keçirilib

2025-ci ilin 5 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Dünya Robot Olimpiadası (WRO) nümayəndələri ilə birgə maarifləndirici infosessiya təşkil olunub. Tədbirdə WRO-nun nümayəndələri, universitetin bir qrup akademik-inzibati heyət üzvləri və tələbələri iştirak edib.

İnfosessiyanın açılışında giriş nitqi ilə iştirak edən universitetin elmi işlər üzrə prorektoru, prof. Veysəl Əyyubov bu tip yarışlarda iştirakın gənclərin IT sahəsində olan bilik və bacarıqlarının artırılmasındakı önəmindən söhbət açıb və MDU-da tələbələrin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, innovativ düşüncələrinin stimullaşdırılması və texnoloji təşəbbüslərə daha fəal qoşulmaları üçün yaradılan imkanlardan bəhs edib.

WRO-nun Azərbaycan üzrə nümayəndəsi Fərid Əhmədov və təlimçi Fədayə Vəliyeva Olimpida haqqında infosessiya iştirakçılarını məlumatlandırıblar. İştirak şərtləri, qiymətləndirmə meyarları və olimpiadanın təşkil edilməsi ilə bağlı əsas məqamlar diqqətə çatdırılıb və suallar cavablandırılıb.