MDU-da “Yaşıl IT həftəsi”nin panel müzakirələri keçirilib

13 may 2024-cü ildə Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 13-18 may tarixlərində keçiriləcək “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nin açılış konfransından sonra  tədbir panel müzakirələri ilə davam edib.

MDU-nun Mühəndislik fakültəsinin dekanı Almaz Əliyevanın moderatorluğu ilə “Yaşıl kibertəhlükəsizlik konsepsiyası: rəqəmsal dövrdə ətraf mühitin mühafizəsi” adlı birinci panelində ilk məruzəni “Azərbaycanda kibertəhlükəsizliyin inkişafı perspektivləri” mövzusunda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının direktoru Elvin Balacanov söyləyib. Daha sonra MDU-nun müəllimləri təqdim etdiyi məruzələr dinlənilib. Belə ki, “Yaşıl kibertəhlükəsizlik sahəsində qlobal çağırışlar və əməkdaşlıq: beynəlxalq tədqiqat təcrübəsi və praktiki nümunələr” mövzusunda Validə Nuriyeva və Şəbnəm Nəsirova, “Müasir trend texnologiyalar: problemlər və perspektivlər” mövzusunda Məryəm Əsədova və Nərmin Əhmədova, “Kritik infrastrukturun qorunmasında kibertəhlükəsizliyin rolu: enerji təchizatı şəbəkələri, su təchizatı və nəqliyyat sistemləri” mövzusunda Elvin Muradzadə maraqlı təqdimatlarla çıxış ediblər.

“Yaşıl IT həftəsi”nin ilk gününün sonunda MDU-nun İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayevanın moderatorluğu ilə “Davamlı inkişaf konseptinə baxış: Gənc tədqiqat perspektivi” adlı II panel keçirilib. Paneldə MDU-nun tələbələrindən Aytac Feyzullayeva və Türkan Cəfərova “FOG computing texnologiyası və arxitekturası”, Məryəm Bəkirova “Dayanıqlı inkişaf məqsədlərinin təhlili və dünya təcrübələri”, Aslan Ələkbərov “Davamlı, dayanıqlı inkişafda rəqəmsal tətbiqlərin rolu”, Nihad Xəlilov “Yaşıl enerji və davamlı inkişafda texnologiyanın tətbiqi” və Şəhanə Şakirqızı “Proqramlaşdırmanın sehirli dünyası və praktikası” adlı mövzular ilə çıxış ediblər.

Panel çıxışları müzakirələrlə davam edib.

Qeyd edək ki, MDU-da “Yaşıl dünya naminə hərməylik ili” çərçivəsində müxtəlif formatlı tədbrilər keçirilir.