2024-ci ilin 26 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təcrübə və karyera inkişafı mərkəzi və Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə “Müasir dövrdə informasiya kommunikasiya texnologiyalarının rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə şəhər polis əməkdaşı Rövşən İsmayılov, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan MDU-nun Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində, ictimai asayişin möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında Azərbaycan polisinin mühüm rolundan bəhs edib. Tədbirin proqramına uyğun olaraq MARGİİ-nin rəis müavini Kamal Nəcəfli gənclərin sağlam və vətənpərvər ruhda yüksək ixtisaslı mütəxəssis kimi yetişdirilməsində keçirilən tədbirin önəmini vurğulayıb. Mövzu ilə əlaqədar qısa sənədli film nümayiş olunub.
MDU-nun tələbə və müəllim kollektivi üzvləri ilə bir arada olmaqdan məmnunluğunu bildirən Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşı Rövşən İsmayılov cəmiyyətin başlıca sosial problemlərindən birinə həsr olunan tədbirin təşkilinə göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. R.İsmayılov “Kibertəhlükəsizlik və kibercinayət” mğvzusunda çıxışı ilə onun cəmiyyət üçün yaratdığı problemlərdən danışıb və geniş məlumat verib. Bildirib ki, dünyada kiber dələduzluğa qarşı müxtəlif vasitə və metodlarla mübarizə aparılmasına baxmayaraq, problemin aktuallığı və miqyası getdikcə artır. Bəşəriyyət üçün təhlükəli olan bu bəlanın Azərbaycan cəmiyyətindən də yan keçmədiyini qeyd edən polis əməkdaşı ölkəmizdə buna qarşı aparılan uğurlu əməliyyatlardan, eləcə də həyata keçirilən məqsədyönlü profilaktiki və maarifləndirmə tədbirlərindən danışıb.
MDU-nun Texniki elmlər üzrə fəlsəfə doktoru, dosent Aidə Mustafayeva “İT sənayesi- Dəyişən dünyamızın texnoloji ritmi” mövzusu ilə də çıxış edərək ətraflı məlumat verib.
Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, ölkəmizdə kibertəhlükəsizlik və kibercinayət əleyhinə aparılan mübarizə tədbirlərinə töhfə vermək məqsədilə MDU-da gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.