2023-cü ilin 28 noyabr tarixində “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı və Kiber Təhlükəsizlik Platformasının texniki dəstəyi ilə “30 Noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü”nə həsr olunmuş “CTF (Capture The Flag)” yarışması təşkil olunub.
CTF yarışmasında MDU-nun 23 tələbəsindən ibarət 6 komandası (“The Soulless”, “The Code Wizards”, “Ketum”, “Levion”, “CyberGuard” və “After hour”) iştirak edib.
Yarış iştirakçıları Kiber Təhlükəsizlik Platformasının mütəxəssisləri tərəfindən 5 istiqamətdə (web, steganography, cryptography, forensic, osint) hazırlanan və onlayn formatda təqdim edilən tapşırıqlar əsasında kibertəhlükəsizlik sahəsində bacarıqlarını sınayıblar.
“Jeopardy” formatında tələbələrin bacarıqlarına əsaslanan xüsusi strategiya əsasında təşkil olunan və 6 mərhələdə keçən yarışda yekun nəticəyə görə “Ketum” komandası 1-ci, “The Souless” komandası 2-ci və “The Code Wizards” komandası isə 3-cü yeri tutublar.
Qeyd edək ki, MDU-da CTF yarışının təşkili kibertəhlükəsizlik problemlərinin həlli və tənqidi düşünmə sahəsində tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsinə töhfə məqsədi daşıyıb.