2024-cü il martın 6-da Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə bu ali təhsil müəssisəsinin sonuncu kurs tələbələri və məzunları üçün “Qeyri-formal məşğulluq və onunla mübarizə” mövzusunda növbəti seminar keçirilib.
Seminar zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili şöbəsinin müdiri Bəhman Hüseynli və Qeyri-formal məşğulluğa nəzarət şöbəsinin baş mütəxəssisi Mirsahib Eminov təqdimatla çıxış ediblər. .
B.Hüseynli “Müasir əmək bazarı: Reallıq və perspektivlər” mövzusunda danışaraq son 5 ildə Azərbaycan əmək bazarında tələbatın azaldığı və artdığı peşə və sahələr barədə məlumat verib. O, təhsil konsepsiayaları ilə məşğulluq arasında əlaqəni təhlil edib, məzunların məşğulluğunun təmin edilməsinin praktiki həll yolları barədə danışıb. Statistika barədə məlumat verən təlimçi gələcək planların qurulmasında gənclərin bunlara diqqət yetirməsini tövsiyə edib.
“Məşğul əhalinin tərkibinin təhlili və məşğulluq siyasəti üzrə təkliflərin hazırlanması” mövzusunda çıxış edən M.Eminov qeyri-formal məşğulluq məsələləri, gizli işsizlik və onun mənfi təsirlərindən danışıb. Bildirib ki, əmək müqaviləsi ilə təmin edilməyən iş sektorlarında yaranan müəyyən problemlər əksər hallarda işçilərin zərər görməsi ilə nəticələnir, onların köməksiz vəziyyətdə qalmasına səbəb olur. Ona görə də qeyri-formal məşğulluqla mübarizəyə dəstək olmaq, iş axtararkən işəgötürənlə rəsmi qaydada müqavilə bağlamaq mütləqdir.
Seminar diskusiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən cabalandırılıb və müəyyən təkliflər irəli sürülüb.