Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sərginin əhəmiyyətini vurğulayaraq, bu hadisənin kitabsevərlər üçün böyük bayram olduğunu deyib.
Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib. Sərgidə Mingəçevir Dövlət Universiteti (MDU) də təmsil olunub.
Sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisələr iştirak edir.
Həmçinin Bakı Beynəlxalq Kitab Sərgisinin Təşkilat Komitəsi tərəfindən şair Salam Sarvan və yazıçı Rövşən Abdullaoğlu sərginin fəxri yazarları seçiliblər. Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn, tanınmış alman yazar Vulf Dorn, Azərbaycan əsilli Fəriba Vəfi də sərginin fəxri qonaqları sırasındadırlar.
Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər. Sərgi 8 oktyabr tarixinə qədər davam etdiriləcək.