2025-ci ilin 26 may tarixində Mingəçevir Dövlət Universitetində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi xalqın ən böyük sərvətidir” mövzusunda elmi konfrans keçirilib.
Universitetin akademik-inzibati heyəti, tələbə və magistrantların iştirak etdiyi konfrans ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açan MDU-nun rektoru Anar Eminov iştirakçıları salamlayaraq, 28 May – Müstəqillik Gününün Azərbaycan xalqının şərəf və qürur mənbəyi olduğunu vurğulayıb. O, Müstəqillik Gününün gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirərək konfransın işinə uğurlar arzulayıb.
Sonra, Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib və konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun əməkdaşlarından Vüsalə Mövlayeva “Müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlətin yarandığı gün: 28 May”, Səadət Ağakişiyeva “Müstəqil Azərbaycanın uğur və qələbə simvolu: İlham Əliyev”, Vüqar Məmmədli “Suveren Azərbaycan iqtisadi inkişafı ilə müstəqillik tariximizə parlaq səhifələr yazır” və Pərvin Hüseynova “Ədəbiyyatımıza ruh verən dövlət müstəqilliyimiz” mövzularında məruzələrlə çıxış ediblər.
İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələrdən sonra konfrans müzakirələrlə davam edib.