MDU-da korrupsiyaya qarşı mübarizə mövzusunda seminar keçirilib

2024-cü ilin 31 mayında Mingəçevir Dövlət Universitetində (MDU) “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” ilə əlaqədar görüləcək işlər mövzusunda elmi-praktik seminar keçirilib. Tədbirdə MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantları iştirak edib.

Çıxış edən MDU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlar tərəfindən görülən tədbirlər barədə məlumat verib, ölkəmizdə bu istiqamətdə şəffaflığın təmin olunması sahəsində həyata keçirilən işlər barədə danışıb.

Ardınca mövzu ilə bağlı mühazirələr dinlənilib. MDU-nin Tədris şöbəsinin baş mütəxəssisi Günel Baxşıyeva “MDU-da əlavə təhsilə qəbulun elektronlaşdırılmasının əlçatanlığının təmin edilməsi istiqamətində tədbirlərin gücləndirilməsi”, Rəqəmsal və Layihələrin idarə olunması şöbəsinin müdiri Elçin Tağıyev “MDU-da rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi, həyata keçirilməsi, tənzimlənməsi və bu fəaliyyətə nəzarət edilməsi, həmçinin MDU-ya aidiyyəti olan layihələrin, o cümlədən startapların təşviqi, onlara müvafiq dəstəyin verilməsi və təşəbbüskarlığın təbliği”, universitetin hüquqşünası Polad Atayev “MDU-da işə qəbulla bağlı şəffaflığın təmin olunması və ictimai nəzarət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı tədbirlərin gücləndirilməsi” adlı mövzularda çıxış ediblər.

Tədbirin proqramına uyğun olaraq videoçarx nümayiş etdirilib. Sonra mövzular ətrafında müzakirələr aparılıb, dinləyicilərin sualları cavablandırılıb.

Elmi-praktik seminarın moderatoru V.Mustafayev tədbirə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” sözlərilə yekun vurub.

Qeyd edək ki, MDU-da vaxtaşırı korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbirlər keçirilir.