Mingəçevir Dövlət Universitetinin kollektivi və tələbələri I Mingəçevir Kitab Sərgisində iştirak ediblər

  • Post category:MDU xəbərləri

2025-ci ilin 31 may – 1 iyun tarixlərində Mingəçevir şəhərində “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin, Mingəçevir Şəhər Bələdiyyəsinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən I Mingəçevir Kitab Sərgisi bayram əhvali-ruhiyyəsi ilə start götürüb. Sərgi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

Sərginin açılış mərasimində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Mingəçevir şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov, Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru Şəmil Sadiq çıxış ediblər. Onlar, tədbirin əhəmiyyətindən söz açaraq kitabsevərləri bir araya gətirən bu cür layihələrin davamlı və genişmiqyaslı şəkildə keçirilməsinin önəmini vurğulayıb, təşkilatçılara təşəkkürlərini bildiriblər.

Tədbirin bədii hissəsində musiqi və nəğmələr səsləndirilib, maraqlı kompozisiyalar təqdim olunub. Ardınca sərgidə yer alan stendlərə baxış keçirilib, nəşriyyatların məhsulları ilə tanışlıq olub.

Sərgidə Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyəti, tələbə və magistrantları da fəal iştirak ediblər. Universitet kollektivi və tələbələr kitab stendləri ilə tanış olaraq yerli və tanınmış nəşriyyatların nəşrlərinə böyük maraq göstərib, eləcə də müəlliflərlə ünsiyyətdə olublar.

Qeyd edək ki, I Mingəçevir Kitab Sərgisi həm regionda kitab və mütaliə mədəniyyətinin inkişafı baxımından mühüm təşəbbüsdür, həm də ictimaiyyətin, xüsusilə gənc nəslin kitaba olan marağını daha da artırmağa xidmət edir. Mingəçevir Dövlət Universiteti bundan sonra da bu cür maarifləndirici tədbirlərdə iştirak etməyi və ictimai mədəniyyətin inkişafına töhfə verməyi prioritet hesab edir.