2022-ci ilin 7 noyabr tarixində Azərbaycanın Türkiyədəki Səfirliyi, Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin KTO Karatay Universitetinin birgə təşkilatçılığı ilə Qarabağ Zəfərinin ikinci ildönümünə həsr olunan tədbir keçirilib. “ZOOM” platforması üzərindən onlayn formatda təşkil olunan tədbirdə hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak edib.
Tədbirin açılışında çıxış edən Səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, Qazi Universitetinin rektoru Musa Yıldız, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, KTO Karatay Universitetinin rektoru Fevzi Rifat Ortaç və MDU-nun rektoru Şahin Bayramov iki qardaş ölkənin ali təhsil müəssisələri arasında Zəfər Gününün qeyd edilməsindən məmnunluqlarını və əlamətdar tarixi gün münasibətilə təbriklərini ifadə ediblər. Vətənin bütövlüyü uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, dərin ehtiram və sonsuz minnətdarlıq hissləri ilə yad ediləcəyini bildirərək, bütün şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyiblər. Bildirilib ki, 30 ilə yaxın erməni işğalına və vandalizminə məruz qalmış əzəli yurdlarımız düşmən tapdağından azad edildi və tarixi ədalət bərpa olundu. 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin şücaəti sayəsində qazanılan Qarabağ Zəfəri Türk Dünyası tarixinin şanlı səhifələrindəndir. Vurğulanıb ki, hazırda özünün ən yüksək inkişaf səviyyəsinə çatmış Türkiyə-Azərbaycan qardaşlığı şanlı qələbənin əldə edilməsində əhəmiyyətli rol oynayıb və post-müharibə dövrünün yeni reallıqları şəraitində də gücünü və nüfuzunu bütün dünyaya nümayiş etdirir. Vətən Müharibəsindən sonra bölgədə və dünyada formalaşan yeni geosiyasi mənzərənin türk dövlətlərinin inteqrasiyası və inkişafı baxımından geniş imkanlar yaratdığı qeyd olunub. Bu haqda məruzələrin yer aldığı panel sessiyanın önəmi diqqətə çatdırılaraq, tədbirin təşkilatçılarına, məruzəçilərinə və iştirakçılarına minnətdarlıq ifadə olunub.
Açılış nitqlərindən sonra, tədbir MDU rektorunun müşaviri Hamiz Mahmudovun moderatorluğu ilə panel sessiyada davam edib. Panel sessiyada KTO Karatay Universitetinin akademik heyət üzvlərindən Murat Canıtez “Qarabağ Zəfəri və beynəlxalq ticarətdə logistika komponentləri”, Şerife Nesimioğlu “Türkiyə-Azərbaycan enerji dialoqu: güclü tərəflər və fürsətlər”, MDU-nun akademik heyət üzvlərindən Vəfa Məhərrəmova “Tarixin, mədəniyyətin, qəhrəmanlığın və Zəfərin rəmzi Şuşa” və Gülər Əjdərzadə “Türk Dünyasının sosial-siyasi və etnik-mədəni bütövləşməsi” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə Qarabağ Zəfəri tarixi, siyasi, iqtisadi və mədəni aspektlərdən dəyərləndirilib və yeni geosiyasi reallıqlar kontekstində türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi ilə bağlı aparılmış tədqiqatların nəticələri təqdim olunub.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb və aparılan müzakirələrdən sonra tədbirin işinə yekun vurulub.
Qeyd edək ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərin ikinci ildönümü münasibətilə MDU-da qardaş ölkənin tərəfdaş universitetləri ilə birlikdə silsilə tədbirlər keçirilir.