2024-cü ilin fevral ayından etibarən Mingəçevir Dövlət Universitetinin (MDU) Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi (DİRİTM) və Mingəçevir şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilərlə görüş” layihəsi uğurla davam etdirilir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən layihə istiqamətində mayın 15-də Mingəçevir şəhər 19 saylı tam orta məktəbin bir qrup şagirdi MDU-da olub. Fizika və ekologiya kafedrasının təşəbbüsü ilə təşkil olunan görüşdə məktəblilərə MDU-da olan Geolab və Kimya laboratoriyalarında əyani təcrübələri izləmək imkanı yaradılıb. Ümumilikdə laboratoriyalar və burada mövcud olan avadanlıqlar barədə şagirdlərə geniş informasiyalar çatdırıb.
Şagirdlər MDU-nun müəllimləri Aytac Cavadova və Lalə Rəsulovanın müşayəti ilə laboratoriyalarda müxtəlif sınaq və təcrübələr aparıblar. Geolab laboratoriyasında müxtəlif su nümunələri üzərində təcrübə prosesləri həyata keçirilib. Kimya laboratoriyasında isə “ECOZone” cihazı vasitəsilə qurulmuş 3 mühitin qarşılıqlı əlaqəsilə oksigen, karbon qazı konsentrasiyaları və suda həll olmuş oksigenin parametrləri yoxlanılıb.
Görüş şagirdlər tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevirdə müxtəlif formatlı tədbirlər keçirilir.