Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti və Gənclər Fondunun dəstəyi ilə “Gənc tədqiqatçılara LATEX proqramının öyrədilməsi” layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetində gənc tədqiqatçılar, doktorantlar, magistrlər və gənc müəllimlər üçün seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda gənc elmi tədqiqatçılar LATEX proqramının imkanları barədə məlumatlandırılıb. İştirakçılara LATEX proqramı və onun imkanları haqqında prezentasiyalar təqdim edilib və onlara bu sistemdən istifadə yolları öyrədilib. İştirakçılar proqramdan istifadə etmək üçün müxtəlif mətn redaktorları – Overleaf, Texmaker, Texstudio, LyX,Authorea, TeXnicCenter, Texworks və s. barədə biliklər əldə ediblər. Eyni zamanda, iştirakçılar LATEX proqramının tətbiq sahələri və bunun əhəmiyyəti barədə geniş praktiki bilik və bacarıqlara yiyələniblər.
Gənclər Fondunun Gənclər təşkilatları iş şöbəsinin əməkdaşı Vüsal Əhmədov fondun fəaliyyəti barədə iştirakçılara məlumat verib, sualları cavablandırıb.
Seminarlarda iştirakçılara bukletlər paylanılıb, sertifikatlar təqdim edilib.