Müasir və qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir.

  • Post category:Xəbərlər (AZ)

Müasir və qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir.

 

9 iyun 1993 cü il tarixində xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da Ali Sovet xalqın Heydər Əliyevdən gözlədiyi missiyanı rəsmiləşdirdi. 1997 ci ildə isə Azərbaycan Respublikasının Milli Məclisi bu missiyanın Milli Qurtuluş missiyası olmasını təsbit etmiş oldu.

Bu tarixin Milli Qurtuluş Günü olması xalqımızın Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışına verdiyi düzgün, ədalətli və obyektiv qiyməti əks etdirir.

Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: Xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına,Vətəninə sonsuz və təmənnasız sevgisi.

AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması,ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq, parçalanma meyllərinin baş qaldırması və bütün bunların Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə bəla,faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır.

Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, bir sözlə dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi.

AXC-Müsavat cütlüyü bütün ölkələrlə münasibətləri korlamış,bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi.

Səriştəsiz müdafiə naziri Şuşanın itirilməsində, ordunun iflic vəziyyətinə salınmasında “xüsusi rol” oynamış, ordu siyasi proseslərdə müstəqil tərəf kimi çıxış edərək ölkə parlamentinin sədrinə və Prezidentə meydan oxumağa başlamışdı. Təbii ki, buda torpaqlarımızın işğalı ilə nəticələnmiş oldu.

Televiziyanın canlı efirində daxili işlər naziri bir müxalifət nümayəndəsini döymüş, buna görə məsuliyyətə cəlb olunmamışdı. Üstəlik, vəzifədən çıxandan sonra dərhal müxalifətə keçmiş, Gəncədə iğtişaşlar başlayan gün – 4 iyun 1993-cü il tarixində Bakıda AXC hakimiyyətinə qarşı mitinqlər təyin etmişdi.

Heç bir hüquqi əsası olmadan yaradılmış “ekologiya polisi”, “bələdiyyə polisi” kimi qeyri-qanuni qurumlar faktiki olaraq daxili işlər nazirinin varlanması naminə reketliklə məşğul idilər.

Daxili işlər naziri insanları qanunsuz həbs edirdi. Hətta məhkəməsiz 700 nəfər məhbusu azadlığa buraxıb silahlandırmışdı.

Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi – heç bir diplomatik təcrübəsi olmayan, heç bir xarici dil bilməyən şəxs belə mühüm vəzifəyə təyin edilmişdi. Gənc müstəqil ölkənin diplomatik korpusu da onun kimi təcrübəsiz, texniki sahələrdə çalışmış kiçik elmi işçilərdən formalaşdırılmışdı. Təbii ki buda ölkəmizin beynəlxalq imicinə çox böyük zərbə idi.

Hakimiyyətə gələndən sonra AXC-nin üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar, hakimiyyət daxilində çoxsaylı kiçik qruplaşmalar yaranaraq birincilik uğrunda mübarizə apararaq ölkəni məhvə sürüklədiyirdlər.

Daxili işlər naziri və parlament sədri prezidentlik iddialarını açıq şəkildə dilə gətirir, nəzarətlərində olan media quruluşlarında prezident əleyhinə sərt kampaniya aparırdılar.

Əli Kərimlinin nəzarətində olan media qurumları baş nazir və spikeri ələ salırdı, Prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi.

Belə daxili didişmələr, eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq nəticəsində bu hakimiyyət cəmi bir il mövcud ola bilmişdi.

AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi.

1990-cı illərin əvvəllərindəki gənc müstəqil Azərbaycanla bugünkü Ermənistanda baş verənlər arasında oxşarlıqlar var –ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə, o cümlədən iqtidara inamın olmaması.

Hakimiyyətə gəlmiş təsadüfi adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla əkiz qardaşdırlar-təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari.

AXC-Müsavat cütlüyü Azərbaycanı yerləşdiyi bölgədə təcrid etmişdi. Hərbi məğlubiyyət daxili böhranla tamamlanırdı. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqilliyini sual altına qoymuşdu.

AXC-Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, ölkənin təcrid olunmuş vəziyyətə düşməsi, daxildə vətəndaş müharibəsi təhlükəsi Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurətə çevirmişdi.

O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət etdilər.

Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər YAP-ın qurultayı Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq.

1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.

Bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi.

Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər və bu tarix əbədi yaşamalıdır.

Azərbaycan Konstitusiyası yalnız Heydər Əliyevin dövründə qəbul edilmişdir.

Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura məhz Heydər Əliyev tərəfindən ləğv edildi,siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yaradıldı. Azərbaycan beynəlxalq təcriddən çıxdı,hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı və yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkəyə böyük investisiyalar cəlb edildi və iqtisadiyyatımızın inkişafı sürətləndi.

Asayiş və qayda-qanun bərqərar edildi. Nizami və mütəşəkkil ordu yaradıldı, Birinci Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı.

İdarəetmə sistemi formalaşdırıldı, insanlarda öz dövlətinə inam geri qaytarılmışdır.

Neft müqavilələri imzalanması Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoymuşdur.

Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi.

Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Mingəçevirlilər hər zaman Ulu Öndərin ideyalarına sadiqliyi ilə seçilmişlər. Mingəçevir şəhərinin bugünki inkişafı Ulu Öndərin adı ilə sıx bağlıdır. Dahi rəhbərin təkidili tələbi ilə bugünki Azərbaycan İES məhz ölkəmizdə doğma Mingəçevir şəhərində salınmışdır. Çox qürurverici haldır ki bugün ölkəmizin enerji təhlükəsizliyində Mingəçevir şəhərində fəaliyyət göstərən iri energetika müəssisələrinin payı danılmazdır. Ulu Öndər şəhərimizə 2 dəfə səfər etmişdir. İlk səfəri 1981 ci ilin oktyabr ayında Azərbaycan İES-in 1-ci enerji blokunun istifadəyə verilməsində şəxsən iştirak etmişdir. 2 ci səfəri isə 1998-ci ilin oktyabr ayında olmuşdur. Ölkəmizdə keçirilinən Prezident Seçkiləri zamanı dahi rəhbərin Mingəçevirli seçicilərlə görüşü şəhər sakinlərinin hafizlərindən heç vaxt silinməyəcək.

Bugünkü qələbələrin əsası 15 iyun 1993-cü ildə qoyulmuş, bununla Azərbaycan öz tarixinin yeni dövrünə qədəm qoymuşdur.

Azərbaycan tarixin heç bir mərhələsində bugünkü qədər müstəqil və qüdrətli olmamışdır.

Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir.

Azərbaycanın müstəqilliyi durduqca, Heydər Əliyevin də adı yaşayacaqdır.

 

Akif Hacıyev,

Şəhər Ağsaqqallar Şurasının sədri