Mingəçevir Dövlət Universiteti 40 ali təhsil müəssisəsi arasında 7-ci olub

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universiteti 40 ali təhsil müəssisəsi arasında 7-ci olub

    

Mektebgushesi.az internet portalı tərəfindən “Mövcud durumda hansı universitet distant təhsil sınağından uğurla çıxır” mövzusunda keçirilən sorğunun nəticələri açıqlanıb.

Ölkəmizin 40 ali təhsil müəssisəsini əhatə edən sorğuda 25662 şəxs iştirak edib.

Portal tərəfindən açıqlanan yekun siyahıda Mingəçevir Dövlət Universiteti (MDU) 7-ci sırada qərarlaşıb.

Mövcud tələbə və müəllim sayı da nəzərə alınmaqla, əldə olunan nəticə karantin şəraitində MDU-da tədrisin məsafədən tədrisi sahəsindəki real vəziyyətə adekvatdır.

Uğurlu nəticə münasibətilə MDU ailəsinin bütün üzvlərini təbrik edir, tədris prosesində fəal iştiraka görə professor-müəllim və inzibati-texniki heyət üzvlərinə, tələbə və magistrantlara təşəkkür edirik.

Tərəfdaş universitetləri də təbrik edirik.

             15.05.2020 MektebGushesi

Mektebgushesi.az pandemiya dövründə distant təhsilin durumunu araşdırdı

 

Azərbaycanda pandemiya dövründə ali təhsil bazasında distant təhsilin durumunu öyrənmək məqsədi ilə 40 universitet arasında bir ay sürən virtual sorğu keçirdik.

Mektebgushesi.az internet portalı tədrisin karantin variantına keçirildiyi, universitetlərin qapısının bağlı olduğu günlərdə də təhsil ocaqlarını və öz üzərinə götürdüyü missiyanı unutmadı. Söhbət təbii ki, modernləşmiş, islahatlara qarşılıq verən təhsilə dayaq durmaq niyyətindən gedir. Sayt “koronovirus”dan dolayı yaranmış situasiyanın hamını məhkum etdiyi distant təhsilin necə qurulmasını, hansı universitetin bu işi daha yaxşı, daha keyfiyyətli təşkil edə bilməsini hədəfləyən “Mövcud durumda hansı universitet distant təhsil sınağından uğurla çıxır” mövzusunda 40 universitet arasında növbəti sorğusunu tələbə və müəllimlərin ixtiyarına buraxdı. Sorğu artıq yekunlaşdığından onun keçirilmə səbəblərini bə yekun nəticələrini geniş ictimaiyyətə təqdim etmək istəyirik.

Məlumat üçün qeyd edək ki, bir ay müddətində davam edən virtual sorğunu keçirməkdən əsas məqsədimiz karantin günlərində sabahın mütəxəssisləri olacaq tələbələrimizin həvəsdən düşməsinin, tənbəlləşməsinin, təhsilə qarşı etinasız davranmaqlarının qarşısını almaqdan ibarət idi. Eyni zamanda sorğunun universitetlərin, özəlliklə onların pedaqoji kontingentinin də qarşısında böyük bir məsuliyyət hissi yaradacağını qarşımıza məqsəd qoymuşduq və nəticələrə, gedişiata nəzər salanda biz bu məqsədlərə nail olduğumuzu yəqin etdik. Bununla yanaşı, ali təhsil ocaqlarımız arasında da “təhsilin distant dövrü”ndə əhatəli bir yarışma, rəqabət mühiti formalaşdıra bildik. Düzdür, həmişə olduğu kimi “yuxudan ayılmayıb” 7-8 səslə sonuncu yerləri bölüşdürənlər də oldu. Belələrinə yəqin heç “koronovirus kabusu” da təsir edə bilməyib. Neyləmək olar?! Qoy bu nəticələri təhsilə cavabdeh dövlət qurumlarımız analiz edib müvafiq göstərişlərini versin və ya ölçü götürsünlər. Amma biz sevindirici məqamları sizlərlə bölüşmək istəyirik, əziz oxucular, bütövlükdə təhsilin dayanmasına görə narahatlıq yaşayan Azərbaycan ictimaiyyəti!

Xüsusilə müəllim və tələbələrin nəticələri həvəslə gözlədiyini bilirik. Lakin fürsətdən istifadə edib digər sorğularımızdan fərqli bir neçə nüansı da sizlərin diqqətinə çatdırmağı özümüzə borc bilirik. Bu sorğu məhz tələbənin sırf təhsil aldığı universitetə sevgisini, nifrətini və ya laqeyd münasibətini ortaya çıxarır. Eyni zamanda universitetlərin kollektivlərinin karantin günlərində təhsilvermə kimi müqəddəs missiyaya yanaşmalarının barometri kimi reallıqları ortaya qoyur. Onlar bu böyük və əzəli-əbədi problemin nə dərəcədə fərqindədirlər?! Yoxsa, ali təhsil ocağına sıradan bir iş yeri kimi baxmaqla burada yalnız zamanlarını keçirib əmək haqqı almaqla məşğuldurlar?! Hansı universitetin tələbəsinə oxuduğu universitetin imici nə qədər önəmlidir və ya hansı universitetin müəllimini burda təhsil alan tələbənin gələcəyi, onun necə mütəxəssis olub-olmaması nə qədər narahat edir? Yeni yaranan, eləcə də özəl universitetlər, regionlarımızda fəaliyyət göstərən universitetlər bu sınağı necə qarşıladılar və ondan necə çıxırlar? Bax, gördüyünüz kimi bu sorğunun ətrafında suallar çoxdu. Sorğunu fərqli edən bu nüanslar həm də qəflətən yaxalandığımız karantin zərurətindən dolayı bu qədər artmışdır. Təki təhsilimizin inkişafına və axsamamasına bu bizim kollektivin növbəti töhfəsi olsun. Bundan yalnız sevinərik. Beləliklə, keçək nəticələrə.

İlahiyyat institutu gənc fəal, Lənkəran və Mingəçevir universitetləri region fəallarıdır

Sorğunun gedişiatı boyu ilk üçlüyün arasında çox gərgin mübarizə gedirdi. Onların mübarizəsi təkcə 3-ünün arasında məhdudlaşmırdı. Çünki bu üçlüyü də güclü şəkildə hazırda ilk onluqda qərarlaşanlar təqib edirdi. Nəticələr günbəgün, bəzən saatbasaat dəyişirdi. Maraqlı məqamlardan biri də onillərin yaşıdı olan azılı universitetlərlə, cavan, azyaşlı universitetlərin mübarizəsi zamanı üzə çıxırdı. “Cavanlar”ın bir neçə dəfə oturuşmuş universitetləri adlaması onların kontingentinin azsaylı olmasına baxmayaraq, öz təhsil ocaqlarına daha çox bağlı olduqlarının əyani sübutu kimi diqqətimizi cəlb edirdi. Bu sırada cəmisi iki yaşı olan Azərbaycan İlahiyyat İnstitutunu xüsusilə qeyd etməyə dəyər. Onların tələbə və müəllimləri sonadək mübarizə apararaq ilk onluqda təmsil oluna bildilər. Bu, 2 yaşlı təhsil ocağı üçün qələbəyə bərabər bir nəticə, göstərici idi.

İlk onluqda diqqətimizi cəlb edən digər nəticə regionda yerləşən universitetlərimizin nümayiş etdirdiyi fəallıq oldu. Onların sırasında isə Mingəçevir və Lənkəran Dövlət Universitetlərini qeyd etməliyik. Onların müəllim və tələbə heyəti də sonadək öz mübarizələrini apardılar və doğma universitetlərini son anadək qiymətləndirdilər.

Sırf müəllim-tələbə respondentlərin sorğusu

Yeri gəlmişkən, bir daha qeyd edirik ki, bizim “Mövcud durumda hansı universitet distant təhsil sınağından uğurla çıxır” sualı əsasında təşkil etdiyimiz budəfəki sorğu artıq sırf tələbə və müəllimlərin iştirakını zəruri edən, bilavasitə karantin dövründə tədris faktının ortaya qoyulmasından bəhs edən bir tədbir idi. Burada bütün ictimaiyyətin universitetlərə qiymət verməsini nəzərdə tutmamışdıq. Çünki bilirsiniz ki, adıçəkilən tədrisdən yalnız pedaqoji və tələbə kontingenti tam dəqiq məlumatlıdır. Bizim vaxtilə qoyduğumuz “hansı təhsil ocağının yararlılığı” və s. kimi sorğularda isə cəmiyyətin istənilən kəsimi o məsələlərə münasibət bildirə bilirdi. Yəni, gördüklərinə, eşitdiklərinə, onların verdiyi ixtisasların nə dərəcədə sonradan gərəkliliklərinə dəyər verilməsi baxımından. Bu sorğuda iştirak isə sırf distant təhsilin tətbiqinə onun bilavasitə iştirakçılarının sərgilədiyi münasibətin əsasında formalaşıb.

Distant təhsilin qalibləri

Və nəhayət ilk üçlük barədə. Ümumiyyətlə virtual sorğuda 25.662 respondent iştirak edib. Onlardan 4277 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinə, 4272 nəfər Azərbaycan Dövlət Pedaqoji Universitetinə, 4025 nəfəri Bakı Dövlət Universitetinə səs verməklə ilk üçlüyü müəyyənləşdirib.

İlk üçlükdə olan qalibləri xüsusi plaketlərlə təltif etməklə, bu məqsədlə baş tutacaq tədbirlərdən geniş reportajlar hazırlamaqla yanaşı, onların reallaşdırdıqları distant təhsil nümunələrini də sizlərə nümayiş etdirmək üçün ayrı-ayrı video-blok şəklində Mektebgushesi.az internet portalında yerləşdirəcəyik. Təki bütün ali məktəblərimiz, bütün xalqımız koronovirus adlı gözəgörünməz bəladan sağlam çıxsın, yenidən bütün sahələr kimi təhsilimiz də öz qaydasında islahatlarla yoluna davam etsin.

Universitetlərə verilmiş səs sayını aşağıdakı cədvəldən izləyə bilərsiniz.

Azərbaycan Dövlət İqtisad Universiteti 4277

Azərbaycan Dövlət Pedaqoji Universiteti 4272

Bakı Dövlət Universiteti 4025

Lənkəran Dövlət Universiteti 2875

ADA Universiteti 2131

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 1751

Mingəcevir Dövlət Universiteti 1525

Xəzər Universiteti 804

Azərbaycan Universiteti 702

Azərbaycan İlahiyyat İnistitutu 684

Azərbaycan Texniki Universiteti 614

Bakı Mühəndislik Universiteti 398

Azərbaycan Tibb Universiteti 392

Baki Ali Neft Məktəbi 300

Bakı Slavyan Universiteti 276

Azərbaycan Dövlət Aqrar Universiteti 144

Naxcivan Dövlət Universiteti 85

Sumqayıt Dövlət Universiteti 59

Azərbaycan Dillər Universiteti 51

Odlar Yurdu Universiteti 46

Azərbaycan Memarlıq və İnşaat Universiteti 44

Naxcıvan Müəllimlər Universiteti 24

Gəncə Dövlət Universiteti 18

Bakı Qızlar Universiteti 16

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 16

Bakı Biznes Universiteti 14

Azərbaycan Turizim və Menecment İnistitutu 13

Azərbaycan Kooperasiya Universiteti 10

Azərbaycan Dövlət Dəniz Akademiyası 9

Bakı Avrasiya Universiteti 9

Prizidenti yanında Dövlət İdarəçik Akademiyası 9

Azərbaycan Texnaloqiya Universiteti 8

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 8

Azərbaycan Milli Konservatoriyası 8

Qərb Universiteti 8

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 8

Bakı Musiqi Akademiyası 7

Naxcıvan Özəl Universiteti 7

Ümumi səslər: 25662

Nəzirməmməd Zöhrablı