Magistraturaya sənəd qəbulu elan edilir
Bakı, 9 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2021-ci il fevralın 9-dan 18-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 9-u saat 10:00-dan fevralın 18-i saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiqləyən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.
Digər bakalavrlar həmin müddət ərzində sənədlərini Mərkəz tərəfindən yaradılmış sənəd qəbulu komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiqləməlidirlər.
Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.
İmtahan 2021-ci il fevralın 28-də (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər) keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy¬yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq. Sualların cavablandırılmasına 3 saat vaxt ayrılacaq.
Qeyd edək ki, cari ildə magistraturaya qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. İkinci qəbul imtahanının keçirilmə vaxtı və sənəd qəbulu koronavirus pandemiyası ilə əlaqədar respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müəyyənləşdiriləcək və bu barədə əlavə məlumat veriləcək.
Qəbul imtahanındakı, bəzi ixtisaslaşmalar üçün, həmçinin qabiliyyət imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılır.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.
Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra DİM tərəfindən elan olunan müddətdə aparılır. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).
İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.
Qəbul elanının tam mətni “Magistr” jurnalının 2-ci sayında dərc olunub. Jurnalın bu sayında bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri təqdim olunub. “Magistr” jurnalının bu sayında, eyni zamanda, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib.
Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.