MDU-da “Elm təşkilatlanmış bilikdir” mövzusunda elmi konrans keçirilib
Mingəçevir Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Elm təşkilatlanmış bilikdir” mövzusunda elmi konfransı keçirilmişdir.
Konfransın işində Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev, elmi işlər üzrə prorektor, professor Veysəl Əyyubov, universitet TEC-in sədri baş müəllim Günəş Şəfaqətov, fakültənin professor-müəllim və tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə fakültə dekanı, i.f.d., dosent Nüşabə Qədimli açaraq, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, onların maraq və meyillərinin, intellektual biliklərinin artırılması üçün dərnəklərin, klubların təşkil edilməsinin zəruriliyini bildirmiş, TEC-in bu istiqamətdə fəaliyyətinin gücləndirməsinin vacibliyini vurğulamışdır. Bildirmişdir ki, ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi; tələbələrin elmi-texniki potensialın qorunub saxlanılması; magistr və bakalavr tələbələrin elmi tədqiqat fəaliyyətini yeni sosial-iqtisadi şəraitə uyğun təşkil etmək TEC-in əsas məqsədidir.
Sonra İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Nəzmiyyə İsmayılova məruzə edəcək tələbələri təqdim edib.
Konfransda ST16.2 saylı qrupun tələbəsi Elçin Ağamirzəyev “Texnoparkların innovativ layihələndirilməsi istiqamətləri” (elmi rəhbər: dosent Emiliya Hüseynova); M17 saylı qrupun tələbəsi Çingiz Çingizzadə “Azərbaycanın müasir büdcə-vergi siyasəti” (elmi rəhbər: baş müəllim Günəş Şəfaqətov); TO17 saylı qrupun tələbəsi Ləman Mürsəlova “Nəqliyyat turizmi” (elmi rəhbər: baş müəllim Nazim Niftəliyev); DB17 saylı qrupun tələbəsi Fatimə Rəhimova “Su – hər damlasında həyat var” (elmi rəhbər: Saqib Məmmədov); TO17 saylı qrupun tələbəsi İsmayılova Nəzmiyyə “Turizmin iqtisadiyyatda rolu” (elmi rəhbər: Cəlil Bağırov) mövzularında məruzə etmişlər.
Konfransın sonunda maraqlı çıxışlarına və aktual mövzulara toxunduqları üçün tələbələrə minnətdarlığını bildirən Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev onlara gələcək fəaliyyətlərində uğurlar arzu etmişdir. Bildirmişdir ki, dövlətimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin cəmiyyətdəki fəallığının yüksəldilməsindən çox asılıdır. Ölkə rəhbərliyi tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsas qayəsini məhz bu mühüm konsepsiya təşkil edir. Ölkəmizdə gənclərlə iş sahəsində görülən işlər, bu istiqamətdə həyata keçirilən mükəmməl dövlət siyasəti Azərbaycan gəncliyinin inkişafına böyük təkan vermiş, onun cəmiyyətdə özünü təsdiq etməsində mühüm rol oynamışdır. Gənclər siyasətinin ən vacib istiqamətlərindən biri də təhsil sahəsində aparılan islahatlarla bağlıdır.
{phocagallery view=category|categoryid=85|limitstart=0|limitcount=0}