MDU-da Mingəçevir Şəhər Polis Şöbəsinin maarifləndirici tədbiri keçirilib

  • Post category:MDU xəbərləri


2022-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə şəhər polis əməkdaşları, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

Tədbir bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyanın fəsadları barədə tələbələri maarifləndirmək və narkomaniyaya qarşı mübarizədə gənclərin fəallığını daha da artırmaq məqsədi daşıyıb.

Tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində, ictimai asayişin möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında Azərbaycan polisinin mühüm rolundan bəhs edib. Həm 44 günlük Vətən Müharibəsi dövründə, həm də pandemiyanın davam etdiyi həssas bir şəraitdə daxili işlər orqanlarının əməkdaşlarının yüksək vətənpərvərlik, qəhrəmanlıq, mərdlik, fədakarlıq və humanizm nümayiş etdirdiklərini qeyd edən Ş.Bayramov Mingəçevir polisinin timsalında bütün Azərbaycan polisinə təşəkkürünü bildirib. Gənclərin sağlam və vətənpərvər ruhda yüksək ixtisaslı mütəxəssis kimi yetişdirilməsinin universitetin başlıca missiyalarından olduğunu diqqətə çatdıran rektor tədbirin əhəmiyyətini vurğulayıb. Bu ortaq fəaliyyəti narkomaniya əleyhinə həyata keçirilən müvafiq dövlət proqramlarının icrasına töhfə kimi dəyərləndirən Ş.Bayramov sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı olaraq təşkilinin önəmindən danışıb və tədbirin təşkilində əməyi olanlara minnətdarlığını ifadə edib.

MDU-nun tələbə və müəllim kollektivi üzvləri ilə bir arada olmaqdan məmnunluğunu bildirən Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev cəmiyyətin başlıca sosial problemlərindən birinə həsr olunan tədbirin təşkilinə göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. Ə.Əliyev çıxışında narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb və onların fəsadları barədə geniş məlumat verib. Bildirib ki, dünyada narkomaniyaya qarşı müxtəlif vasitə və metodlarla mübarizə aparılmasına baxmayaraq, problemin aktuallığı və miqyası getdikcə artır. Bəşəriyyət üçün təhlükəli olan bu bəlanın Azərbaycan cəmiyyətindən də yan keçmədiyini qeyd edən polis rəisi ölkəmizdə narkotik cinayətkarlığa qarşı aparılan uğurlu əməliyyatlardan, eləcə də həyata keçirilən məqsədyönlü profilaktiki və maarifləndirmə tədbirlərindən danışıb.

Daha sonra çıxış edən Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları məruzələrində psixotrop maddələrin insan orqanizminə zərərli təsirləri barədə məlumat veriblər, narkomaniyanın sağlamlıq üçün ciddi təhlükə yaratması ilə yanaşı, cinayətkarlığın artmasına təkan verən ən böyük sosial bəlaya çevrildiyini diqqətə çatdırıblar, gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat tərzinə və mənəvi kamilliyə çağırıblar.

Eyni zamanda, tədbirdə polis əməkdaşları “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”,  “Dini fanatizm, radiklizm, ekstremizmin mahiyyəti və təhlükələri” və ”Yol hərəkəti qaydalarına əməl edək“ mövzuları ilə də çıxışlar ediblər.

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb və  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizə tədbirlərinə töhfə vermək məqsədilə MDU-da gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.