2023-cü ilin mayın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində Müstəqillik Gününə həsr olunmuş “Heydər Əliyev və müstəqillik tariximizin şanlı və parlaq səhifəsi: 28 May” mövzusunda elmi konfrans keçirilib. Konfransda MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak ediblər.
Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfrans iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. 105 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikası hesab edilən Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından danışan Ş.Bayramov bu əlamətdar hadisə ilə bağlı hər bir azərbaycanlının qürur hissi keçirdiyini bildirib. 1918-ci ildə əldə edilmiş müstəqilliyin ömrünün qısa olmasına baxmayaraq, görülən işlərin demokratik dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan rektor bu dövrü tariximizin şanlı səhifələrindən biri kimi dəyərləndirib. Uzun illər sonra XX əsrin sonlarında xalqımızın yenidən azadlığına qovuşmasından söhbət açan Ş.Bayramov Ümummilli lider Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycanın müstəqilliyinin əbədi xarakter aldığını qeyd edib. Bildirib ki, Ulu Öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində hazırda ərazi bütövlüyü və suverenliyi təmin edilmiş Azərbaycan beynəlxalq nüfuzu davamlı güclənməkdə olan qüdrətli dövlətə çevrilib.
Konfransın açılışında çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov belə bir əlamətdar günə həsr olunan tədbirdə MDU kollektivi ilə bir arada olmaqdan məmnunluğunu ifadə edib. O, AXC-nin mövcud olduğu qısamüddətli dövrdə müxtəlif istiqamətlərdə, o cümlədən təhsilin inkişafı sahəsində atılan mühüm addımlardan bəhs edib və həyata keçirilən tədbirlərin müasir müstəqil dövlətçiliyimizin formalaşmasına əhəmiyyətli zəmin yaratdığını vurğulayıb. Sovet imperiyası dağıldıqdan sonra dövlət müstəqilliyinin bərpasının ilk illərində yaşanan mürəkəb siyasi prosesləri və keşməkeşli tarixi şəraiti diqqətə çatdıran F.Qədirov qeyd edib ki, məhz Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan öz müstəqilliyini qorudu və əbədiləşdirdi. Bildirib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən uğurlu siyasət müasir müstəqilliyimizin daha da güclənməsinə misilsiz töhfələr verir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən danışan F.Qədirov məhz bu dövrdə yetişdirilən vətənpərvər gəncliyin timsalında Azərbaycanın gələcəyinin etibarlı şəkildə təmin olunduğunu qeyd edib və konfransın işinə uğurlar arzulayıb.
Sonra, Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş olunub və konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU əməkdaşlarından Aygün Qədirova “Heydər Əliyev və Azərbaycanın müstəqillik məfkurəsi”, Vüsalə Mövlayeva “Azərbaycan Xalq Cümhuriyyətinin varisi-müasir müstəqil Azərbaycan”, Pərvin Hüseynova “Azərbaycan xalqının müstəqillik ideallarının bədii ədəbiyyatda əksi” və Minayə Hüseynova “Dövlətçiliyin və müstəqilliyin təminatçıları: vətənpərvər və Azərbaycan gəncliyi” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.