Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) birgə təşkilatçılığı ilə “Şagirdlərlə psixolojoi iş” mövzusunda ustad dərsləri keçirilib. Ustad dərslərdə Mingəçevir şəhərində yerləşən ümumtəhsil məktəblərinin psixoloqları, Mingəçevir şəhər təhsil sektorunun nümayəndələri və MDU-nun Pedaqogika və psixologiya kafedrasının bir qrup professor-müəllim heyəti üzvü iştirak edib.
Diqqətə çatdırılıb ki, ustad dərslər məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi istiqamətində psixoloqların bilik, bacarıq və təcrübələrinin artırılmasına töhfə məqsədi daşıyır.
Proqrama uyğun olaraq, ustad dərslərdə MDU-nun Psixologiya və pedoqogika kafedrasının müdiri, professor Fərəh Cəlil “Hiperaktiv uşaqlara meditativ fəndlərin tətbiqi”, həmin kafedranın müəllimlərindən Könül Cabbarova “Məktəblərdə bullinq və ona qarşı mübarizə”, Günel Nəcəfova “Psixoloqların sağlamlıq imkanları məhdud olan uşaqlarla birgə fəaliyyəti”, Nərgiz Niftəliyeva “Psixoloqların stresə davamsız uşaqlarla fəaliyyəti” və Gülnar Məmmədova “Risk qrupuna daxil olan uşaqların korreksiyası” mövzularında çıxış ediblər.
Maraqla qarşılanan çıxışlardan sonra fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.