2024-cü il 8 yanvar tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında əməkdaşlıq çərçivəsində taksi minik avtomobillərinin sürücüləri üçün təşkil edilmiş ikinci təlim proqramını uğurla başa vuranların müvafiq şəhadətnamələri təqdim edilib.
2023-cü ilin 18-21 dekabr tarixlərində MDU-nun yüksək ixtisaslı müəllimlərinin təlimçi qismində cəlb olunduğu təlim proqramında 19 nəfər taksi minik avtomilinin sürücüsü iştirak edib və sonda AYNA tərəfindən təşkil edilmiş imtahanlarda iştirak ediblər.
MDU-nun rektoru Şahin Bayramov və AYNA Yevlax Regional İdarəsinin müdiri İlham İsmayılovun iştirakı ilə baş tutan tədbir zamanı təlim proqramını uğurla başa vuran və imtahanları müvəffəqiyyətlə keçən taksi minik avtomobilinin sürücüləri təbrik edilib, fəaliyyətlərində uğurlar arzulanıb.
Təlim iştirakçıları yaradılan şərait, yüksək səviyyədə baş tutan təlim proqramına görə öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, MDU-da sözügedən təlimlərə noyabr ayından start verilib. “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri üzrə Proqram”a uyğun olaraq həyata keçirilən təlimlər növbəti aylarda da davam etdiriləcəkdir.