Mingəçevir Dövlət Universitetində dərsə davamiyyətə dair monitorinq nəticələri müzakirə edilib

  • Post category:MDU xəbərləri

21 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsində Daxili Nəzarət Şöbəsi tərəfindən 2024-cü il noyabrın 25-dən dekabrın 9-dək keçirilmiş bakalavriat təhsil səviyyəsi üzrə tələbələrin və professor-müəllim heyətinin dərsə davamiyyətinə dair monitorinqin nəticələri müzakirə olunub. İclasda Daxili Nəzarət Şöbəsinin müdiri, İqtisadiyyat və İdarəetmə Fakültəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Monitorinqin əsas məqsədi, Daxili Nəzarət Şöbəsinin fəaliyyət planının 2.1.1-ci bəndinə uyğun olaraq, tələbələrin dərs prosesinə qoşulma səviyyəsini qiymətləndirmək, akademik nizam-intizamın təmin olunması vəziyyətini müəyyən etmək və davamiyyət göstəricilərinin optimallaşdırılması üçün təkliflər hazırlamaq olub. Həmin müddət ərzində fakültənin bütün kurslarında dərslərə davamiyyət yoxlanılıb, ümumi davamiyyət faizləri qeydiyyata alınıb və davamlı dərslərdə iştirak etməyən tələbələrin adlı siyahısı tərtib edilib.

Monitorinq çərçivəsində, həmçinin, icazəli tələbələr və digər qeyri-müəyyən hallar təhlil edilib. Nəticədə, tələbələrin dərsə davamiyyətinin artırılması məqsədilə bir sıra təkliflər hazırlanıb. Təkliflər akademik fəaliyyətin daha da təkmilləşdirilməsi və tələbələrin dərs prosesinə aktiv qatılmasının təmin edilməsi istiqamətində irəliləyişlərə yol açmağı hədəfləyir.

Daxili Nəzarət Şöbəsinin müdiri və fakültə rəhbərliyi nəticələrin təhlilinin universitetin təhsil keyfiyyətini yüksəltməyə yönələn müsbət addım olduğunu və tələbələrin daha məsuliyyətli şəkildə dərs prosesinə qoşulmalarının vacibliyini vurğulayıb.

Bu monitorinq, həmçinin, universitetin daxili nəzarət sisteminin daha da təkmilləşdirilməsi və tədris prosesində şəffaflığın artırılması məqsədini daşıyır. Tələbələrin akademik uğurlarının dəstəklənməsi və inkişaf etdirilməsi məqsədilə həyata keçirilən bu cür monitorinqlər gələcəkdə davamlı olaraq təşkil ediləcək.