11 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Daxili keyfiyyət təminatı məsələləri ilə bağlı növbəti görüş keçirilib. Görüşün əsas məqsədi, universitetin təhsil və idarəetmə sahələrində keyfiyyətin yaxşılaşdırılması istiqamətində komissiyanın gördüyü işləri müzakirə etmək, fikir mübadiləsi aparmaq və qazanılmış təcrübəni paylaşmaq olub.
Tədbirdə iştirak edən maraqlı tərəflərlə yanaşı, MDU-nun Daxili Keyfiyyət Təminatı üzrə Komissiyasının sədri dosent Mayıl İsmayılov, Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin müdiri Azad Mirzəbəyov, şöbənin baş mütəxəssisi Lamiyə İbrahimova, həmçinin Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin müdiri Elçin Tağıyev, İqtisadiyyat kafedrasının müdir əvəzi b/m Arif Tagıyev çıxış edərək, daxili keyfiyyət təminatında universitetin qarşılaşdığı problemlər və həlli yollarını müzakirə ediblər.
Görüşdə, həmçinin, universitetin fəaliyyətinin qiymətləndirilməsi, tədris prosesində keyfiyyətin təmin olunması, müəllim ehtiyaclarının qarşılanması və tələbə məmnuniyyətinin ölçülməsi ilə bağlı müxtəlif təkliflər və strategiyalar təqdim edilib. Əlavə olaraq, universitetin keyfiyyət təminatı sahəsində irəliləməsi üçün bütün əməkdaşların və tərəfdaşların fəal iştirakının vacibliyi vurğulanıb. Həmçinin, beynəlxalq standartlara uyğun keyfiyyət sistemlərinin tətbiqinə önəm verildiyi qeyd edilib.
Görüşdə iştirak edənlər bu cür təşəbbüslərin təhsilin keyfiyyətinin artırılmasına və universitetin beynəlxalq aləmdə daha möhkəm mövqe tutmasına əhəmiyyətli təsir göstərəcəyini bildiriblər.
Qeyd edilib ki, Mingəçevir Dövlət Universiteti təhsilin və idarəetmənin bütün sahələrində davamlı inkişaf strategiyası istiqamətində irəliləməkdədir.