MDU əməkdaşının yazısı “AzEdu ” təhsil portalında yayımlanıb

  • Post category:Xəbərlər (AZ)

Vətən müharibəsi şəhidləri arasında Mingəçevir Dövlət Universitetinin məzunları da var

www.azedu.az    25.09.2021

Sentyabrın 27-si Azərbaycanda Anım Günü qeyd olunacaq.

Mingəçevir Dövlət Universitetinin bir neçə məzunu Vətən müharibəsində könüllü olaraq iştirak edib.

 AzEdu.az xəbər verir ki, 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının rəhbərliyi altında Ermənistanın  ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başlamışdır.

 Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmancasına döyüşən əsgər və zabitlərimiz, bütövlükdə Azərbaycan xalqı əzm, iradə və həmrəylik nümayiş etdirərək, düşmənə layiqli cavab vermişdir.

İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun  2904 hərbi qulluqçusu həlak olmuş, 10 hərbi qulluqçumuz itkin düşmüş, 1000 nəfərdən artıq əsgərimiz yaralanmışdır.

Canlarını “Vətən sağ olsun!” deyərək ortaya qoyan, xalqın azadlığı uğrunda igidliklə döyüşən şəhidlərimiz arasında Mingəçevir Dövlət Universitetinin (MDU) məzunları da var. Belə ki, Kənan Abdullayev, Əzəmi Hüseynov, Oruc Nəcəfli, Yusif Cəfərov, Faiq Həsənov vətən uğrunda canından keçən, xalqın azadlığı uğrunda gözlərini əbədi yuman igidlərimizdir.

1 il ərzində Mingəçevir Dövlət Universitetinin rektoru cənab Şahin Bayramovun başçılığı altında bir qrup əməkdaş tez-tez MDU-nun məzunları olan şəhidlərin ailələrini ziyarət edib, ağır günlərində onların dərdinə şərik çıxıb. Bu bir ildə MDU-da keçirilən bir çox tədbirlərin açılışında cənab rektor universitetimizin  şəhidlərinin timsalında bütün şəhidlərin valideynlərinə dərin ehtiramını ifadə edib və şəhidlərimizin  xatirəsinin daim uca tutulacağına əminliyini bildirib.

Vətən müharibəsində canı bahasına döyüşən igidlərimiz arasında Mingəçevir Dövlət Universitetinin 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu könüllü olaraq iştirak edib.

MDU-nun şəhid məzunlarını xatırladıqca, təkcə onların göstərdikləri şücaətlər yox, eyni zamanda insani keyfiyyətləri, təhsil həyatlarında yadda qalan əxlaqi və mədəni xüsusiyyətləri, əldə etdikləri uğur və müvəffəqiyyətlər də göz önündə canlanır.

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Ümid edirik ki, həmin gün Azərbaycanın suverenliyi uğrunda, xalqın dincliyi, əmin-amanlığı yolunda canından keçən, adlarını tarixin səhifələrinə qızıl hərflərlə  yazdıran qəhrəman şəhidlərimizin xatirəsi hər kəs tərəfindən dərin hörmətlə anılacaq. 

Müasir dövrün  Cavanşirləri, Babəkləri, Koroğlularıdır bizim rəşadətli ordumuzun şəhidləri, qaziləri,  əsgər və zabitləri!

Qarabaş uğrunda savaşan gənclərimizi, şəhidlərimizi dünyaya gətirən, böyüdüb boya-başa çatdıran şəhid anaları qarşısında baş əyir, gənc valideynləri öz övladlarını Əzəmi, Kənan, Oruc, Polad, Xudayar və digər qəhrəmanlarımız kimi vətənpərvər, mərd ruhlu böyütməyə səsləyirəm.

Allahdan şəhidlərimizə rəhmət, yaxınlarına isə səbr diləyirəm!

Mingəçevir Dövlət Universiteti

Xarici dillər kafedrasının müəllimi

Xədicə Əliyeva