MDU-nun Mühəndislik fakültəsinin
Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib
Oktyabrın 26-da Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin “Elmin bu günü və sabahı gənclərin gözü ilə” mövzusunda elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə fakültə dekanı, dosent Vüqar Mustafayev açıb. Qeyd edib ki, Tələbə Elmi Cəmiyyətinin məqsədi tələbə və magistrantları elm sahəsinə cəlb etmək, onların bu sahə ilə bağlı istedadlarını üzə çıxarmaq, konfranslarda iştiraklarını təmin etməkdən ibarətdir. Hazırda Azərbaycan təhsilində, o cümlədən MDU-da proseslər sürətlə aparılır və bu sahəyə dövlət qayğısı getdikcə artır. Büdcə vəsaitlərində təhsilə ayrılan pay ordu quruculuğundan sonra ikinci yerdə gəlir. Bu gün təhsildə müşahidə edilən müsbət göstəricilər uzun illərdir aparılan islahatların və təhsil konsepsiyasının düzgün qurulmasının nəticəsidir. Elm və texnologiyanın təsiri altında sürətlə dəyişən cəmiyyətdə qarşıya çıxan problemləri həll etmək üçün təhsil insanlara yeni biliklər və vərdişlər öyrətməlidir. Təhsil sisteminin əsas prinsipi şəxsiyyətin diqqət mərkəzinə gətirilməsidir. Təhsil islahatları sistemə liberal dəyərlərə üstünlük verilməsi, kəmiyyət-keyfiyyət münasibətlərinin yeni siyasi şəraitə uyğun dəqiqləşdirilməsi kimi yeniliklər gətirir.
Sonra universitetin elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov və Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Günəş Şəfaqətov çıxış ediblər. Qeyd ediblər ki, bu gün MDU-nun həyatında əlamətdar bir gündür. Çünki belə elmi konfransların keçirilməsi tələbələrin normal mütəxəssis kimi yetişmələrində mühüm rol oynayır. Bildiriblər ki, tədrisin keyfiyyətinin yüksəldilməsinə və yüksəkixtisaslı mütəxəssis hazırlanmasına belə elmi toplantılar səmərəli təsir göstərir. Eyni zamanda tələbələrin elmi tədqiqatlarının praktiki baxımdan ortaya qoyulması, onların tədqiqat bacarıq və vərdişlərinin, eləcədə natiqlik qabiliyyətlərinin formalaşmasına müsbət təsir göstərir. Natiqlər sonda tələbə-gənclərə elmi araşdırmaların dəyərinin və nəticələrinin daha da təkmilləşdirilməsi üçün tövsiyyələrini verib və konfransın işinə uğurlar arzulayıblar.
“Polimer dielektriklərdə dielektrik itkilərinin və dielektrik nüfuzluğunun təyini” mövzusunda EE16 saylı qrupun tələbəsi Elsevər Cəfərli (elmi rəhbər: Liliya Süleymanova); “Azərbaycanda peşə təhsilinin inkişaf perspektivləri” mövzusunda EM15 saylı qrupun tələbəsi Leyla İsmayılova (elmi rəhbər: f.f.d. Rayihə Ağayeva); “İnformasiya asılılığı problemi və onunla mübarizə yolları” mövzusunda İT16 saylı qrupun tələbəsi Aidə Qurbanova (elmi rəhbər: Asudə Abdurrahmanova); “Tullantıların təkrar emalı sənayesinin inkişaf perspektivləri” mövzusunda EM14 saylı qrupun tələbəsi Mehriban Fərəcova (elmi rəhbər: dosent Vüqar Mustafayev); “İşıqlandırma qurğularının inkişaf perspektivləri” mövzusunda EE15 saylı qrupun tələbəsi Taleh Məmmədov (elmi rəhbər: Səadət Şıxəliyeva); ““Elektron məktəb” sisteminin tətbiqi və inkişaf perspektivləri” mövzusunda İT15 saylı qrupun tələbəsi Şəhla Mirzəyeva (elmi rəhbər: Aidə Mustafayeva) hazırladıqları elmi tədqiqt işini konfrans iştirakçılarına məruzə ediblər.
Tələbələr tədbir iştirakçılarının suallarını ətraflı cavablandırıblar.
{phocagallery view=category|categoryid=16|limitstart=0|limitcount=0}