Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları Türkiyənin Qazi Universiteti və Ankara Hacı Bayram Vəli Universitetində (AHBVU) səfərdə olub

  • Post category:MDU xəbərləri

Türkiyə Respublikasında işgüzar səfərdə olan MDU-nun Elmi işlər üzrə prorektor əvəzi prof. Veysəl Əyyubov və Dayanılqlı inkişaf və  regional innovasiyalar tədqiqat mərkəzinin müdiri dos. Asim Məmmədovdan ibarət nümayəndə heyəti  Qazi Universiteti və Ankara Hacı Bayram Veli Universitetində səfərdə olublar. Keçirilən görüşlərdə universitetlər arasında əməkdaşlıq imkanları geniş müzakirə olunmuşdur.

AHBVU-nin prorektoru prof. Kürşat Göktürk ilə görüşən MDU nümayəndə heyəti iki universitet arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər. Səmimi atmosferdə keçən görüşdə həmçinin İqtisadi ve İdari Bilimler Fakültesinin dekanı prof. Fırat Purtaş da iştirak etmişdir. Görüş zamanı qonaqları salamlayan prorektor K.Göktürk, MDU heyətinin AHBVU-nə gəlişi səbəbilə məmnunluq hissi keçirdiyini, iki ali təhsil müəssisəsi arasında beynəlmilləlləşmə sahəsində münasibətlərin daha da inkişaf etdirilməsi üçün bu səfərin səmərəli olacağına inandığını qeyd etmişdir. Prof. Veysəl Əyyubov öz çıxışında AHBVU-nin rektorunu və bütün kollektivini MDU-nun rektoru v.m.i.e., Üzeyir Zeynalovun adından salamladı və yüksək qəbula görə prorektora öz təşəkkürünü bildirdi. Tərəflər arasında keçirilən müzakirələrdə hər iki ali təhsil müəssisəsinin professor-müəllim heyətinin və tələbələrinin qarşılıqlı mübadiləsi məsələsinə geniş yer verildi. Prorektor  K.Göktürk qeyd etdi ki, bu məsələ ilə bağlı ən qısa müddətdə konkret işlərin görülməsi üçün rəhbərlik etdiyi ali təhsil müəssisəsi lazımi addımları atacaqdır. Həmçinin tərəflər birgə elmi konfransların, elmi seminarların, dəyirmi masaların, ustad dərslərin keçirilməsinin daha da genişləndirilməsinin səmərəli olacağını vurğuladılar. Görüşün sonunda MDU ailəsi adından AHBVU-nə hədiyyələr təqdim edildi, xatirə şəkilləri çəkildi. Sonra nümayəndə heyəti AHBVU-nin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı prof. Fırat Purtaş ilə görüşdü. Görüşdə fakültənin dekan müavinləri, kafedra müdirləri və digər əməkdaşlar da iştirak etdilər. Hər iki ali təhsil müəssisənin müvafiq fakültələri arasında geniş əməkdaşlığın yaradılması, bu məqsədilə müəllim və tələbələrin qısa müddətli mübadiləsi, müştərək layihələrin və tədbirlərin həyata keçirilməsi, MDU əməkdaşlarının və tələbələrinin bu fakültənin tərkibində olan kitabxanadan və elektron kitabxanadan istifadə etmələri üçün razılıq əldə edildi. Yaxın zamanda hər iki fakültənin rəhbərliyinin və kafedra müdirlərinin ilkin tanışlıq və qarşılıqlı fəaliyyət planının müzakirəsi üçün onlayn görüşün keçirilməsi üçün razılıq əldə edildi. MDU-nun nümayəndə heyəti fakültənin auditoriyaları, kitabxanası, komputer mərkəzi, akt zalı, idman zalı və tələbə işləri üzrə mərkəz ilə yaxından tanış oldular. Gələcəkdə MDU-nun müvafiq fakültəsinin əməkdaşlarının bu mərkəzlərdə qısa müddətli təcrübə mübadiləsində iştirak etməsi üçün razılıq əldə edildi.

Qazi Universitetində MDU-nun nümayəndə heyəti prorektor, prof. Necdet Hayta tərəfindən qəbul olundu. Əvvəlcə, MDU-nun prorektoru prof. Veysəl Əyyubov səfərin məqsədi, MDU və Mingəçevir şəhəri haqqında ətraflı məlumat verdi. Həmçinin 2021-ci ildən Qazi Universiteti ilə MDU arasında başlayan əməkdaşlığın qısa tarixçəsinə nəzər salındı, MDU əməkdaşlarının Qazi Universitetində, Qazi Univesitetinin əməkdaşlarının isə MDU-da olmaları haqqında məlumat verildi.

N.Hayta iki universitetin əməkdaşlığının davam etdirilməsi və gücləndirilməsinə təkan verəcəyini qeyd edərək, bu məsələ ilə bağlı müvafiq şöbələrin rəhbərlərinə tapşırıq verdi. MDU-nun bir neçə əməkdaşının və tələbəsinin Qazi Universitetində qısa müddətli mübadilə prosesində iştirak etmələri üçün lazımi addımların atılacağı barədə məlumat verildi. Görüşun sonunda xatirə şəkilləri çəkildi.

Daha sonra nümayəndə heyəti Qazi Universitetinin Texnologiya və Eğitim fakültəsini ziyarət etdi. Texnologiya fakültəsinin tərkibində olan “Elektrik və elektronika” ixtisası üzrə laboratoriyalarda tələbələrin apardığı laboratoriya işləri ilə yerində tanış oldular, fakültənin dekanı prof. Musa Atar fakültənin əməkdaşlarının da iştirakı ilə iki universitetin müvafiq fakültələri arasında əvvəlki illərdə əsası qoyulmuş əməkdaşlığın daha da genişləndirilməsi məsələsi ətraflı müzakirə olundu. Prof. Musa Atar qeyd etdi ki, MDU-nun əməkdaşlarının və tələbələrinin qısa müddətli tədris prosesinə cəlb edilməsinə hazır olduqlarını bildirdi. Qarşı tərəfdən bu istiqamətdə bir tələb olduqda, ən qısa müddətdə bunu reallaşdıra bilərik. Sonra nümayəndə heyəti Eğitim fakültəsinin dekanı prof. Bilal Güneşi və ixtisas proqram rəhbəri prof. Mahmut Selvi ziyarət etdi. Səmərəli müzakirələr aparan tərəflər, iki ali təhsil müəssisəsinin müvafiq fakültələri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi məsələlərinə toxundu və bu sahədə bir sıra razılıqlar əldə edildi.

Bu görüşlərdə nümayəndə heyətini Qazi Universitetinin müəllimi prof. Pınar Bilasa müşaiyət etdi.