18 avqust 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir şəhərinin ümumtəhsil məktəblərindən STEAM Azərbaycan Festivalında (SAF 2025) iştirak edəcək şagirdlərlə görüş keçirilib.
Görüşün əsas məqsədi şagirdlərin SAF 2025-ə hazırlığı və universitetin dəstəyi ilə komandalar şəklində iştiraklarının təmin olunması ilə bağlı şagirdləri və onların müəllimlərini məlumatlandırmaq olub.
Tədbirdə şagirdlərə festivalın mahiyyəti, hazırlıq prosesinin gedişi və təşkilati məsələlər barədə məlumatı MDU-nun Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Azər Hüseyn və mərkəzin əməkdaşı Elcan Seyidov təqdim edib.
Qeyd olunub ki, universitet tərəfindən yaradılacaq komandalar şagirdlərin elm, texnologiya və innovasiya sahələrinə marağının artmasına, onların bilik və praktiki bacarıqlarının inkişafına mühüm töhfə verəcək. Festival ərəfəsində keçirilən bu hazırlıq prosesi iştirakçıların yaradıcılıq, komandada işləmə və texnoloji bacarıqlarını daha da inkişaf etdirəcək.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti gələcəkdə də məktəblilərin təhsil, yaradıcılıq və innovasiya istiqamətində inkişafına dəstək göstərmək məqsədilə müxtəlif layihələr həyata keçirməyi planlaşdırır.