9 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) əməkdaşlarının 2025/2026-cı tədris ili üçün tələbə qəbulunun təşviq edilməsi məqsədilə təbliğat və təşviqat işləri ilə bağlı növbəti görüşü Mingəçevir şəhəri N.Nərimanov adına 1 saylı tam orta məktəbinin buraxılış sinif şagirdləri ilə olub. Görüşdə ilk olaraq məktəbin direktoru Əliyar Yusifov çıxış edərək, 1 saylı tam orta məktəbin son illərdə əldə etdiyi uğurlardan bəhs edib, Mingəçevir Dövlət Universitetindən şagirdlərinin görüşünə gələn qonaqları şagirdlərə və məktəb kollektivinə təqdim edib. Daha sonra MDU nümayəndələri şagirdlərə ali təhsil və Mingəçevir Dövlət Universitetinin təklif etdiyi imkanlar haqqında məlumat veriblər.
MDU Mexanika kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Mahir İsmayılov MDU-nun rektoru vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalovun salamlarını şagirdlərə çatdırıb. O, tələbə olmaq üçün Mingəçevir Dövlət Universitetini seçməyin önəmini vurğulayıb və şagirdləri universitetə dəvət edib. M.İsmayılov universitetin tədris prosesi, beynəlxalq əlaqələr, ixtisaslar və tələbələrə təqdim olunan imkanlar haqqında ətraflı məlumat verib. Mingəçevir Dövlət Universitetinin dosenti, filalogiya üzrə fəlsəfə doktoru Rahilə Məmmədova universitetin tələbələrə yaratdığı imkanlar, maddi-texniki bazası və tədris imkanları haqqında məlumat verib, şagirdlərə gələcək təhsillərində uğurlar arzulayıb.
Görüşdə iştirak edən Mingəçevir Dövlət Universitetinin müəllimi, Azərbaycan Texniki Universitetinin doktorantı Məryəm Əsədova isə Universitetdə yaradılmış yeni tədris laboratoriaları, yeni ixtisaslar, tələb olduqda universitetdə alacaqları təcrübə, bilik və imkanlar haqqında şagirdlərlə ətraflı məlumat verib.
MDU-nun Tələbə Gənclər Təşkilatının sədri Aslan Ələkbərzadə və “Bir könüllü” tələbə təşkilatının koordinatoru II kurs tələbəsi Qorxmaz Rəhimli universitetdəki tədris şəraiti və imtiyazlar haqqında məlumat verərək, gələcək tələbələrə Mingəçevir Dövlət Universitetini seçməyi tövsiyə ediblər. Görüşün sonunda universitet alimləri 1 saylı orta məktəbin buraxılış sinif şagirdlərinin suallarını cavablandırıblar. MDU təşviqat və təbliğat işləri ilə gənc nəslin gələcək ali təhsil sahəsindəki seçimlərinə dəstək olmağa davam etdirəcək.