Mingəçevir Dövlət Universiteti (MDU) və Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələri çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb

  • Post category:MDU xəbərləri

Müqaviləni MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıb.

İmzalanma mərasimində çıxış edən Üzeyir Zeynalov bildirib ki, fəaliyyətə başladığı gündən Təhsilin İnkişafı Fondu təhsil müəssisələrində bir çox ideyaların reallaşdırılmasına dəstək göstərmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramını, “Gənc qızların təhsilinə dəstək”, “TələbəPlus”, “IELTS imtahanına təşviq” və digər layihələr bu qəbildəndir. Üzeyir Zeynalov TİF-lə qurulacaq əməkdaşlığın MDU üçün əhəmiyyətli olacağına inamını ifadə edib.

Tədbirin gedişatında Təhsilin İnkişafı Fondunun fəaliyyətinə dair videoçarx izlənilib.

Təhsilin İnkişaf Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun ümumi fəaliyyəti, strateji hədəfləri, həmçinin tamamlanma mərhələsində olan digər təşəbbüsləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. E.Nəsibov “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələri haqqında geniş məlumat verib. “TələbəPlus” kartının üstünlüklərindən danışan E.Nəsibov tələbələrin bu güzəştlərdən faydalanacağını bildirmişdir. Eyni zamanda, E.Nəsibov “IELTS imtahanına təşviq” layihəsi haqqında məlumat verərək bildirdi ki, MDU ilə bağlanacaq müqaviləyə əsasən, IELTS imtahanından yüksək nəticə göstərən tələbələrin imtahanlar üçün ödədiyi vəsait fond tərəfindən qarşılanacaq.

Tədbirdə çıxış edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldlməsi istiqamətində aparılan işlər haqqında geniş məlumat verərək bildirdi ki, həyata keçirilən bütün tədbirlərin əsas məqsədi ali təhsil müəssisələrində tədrisin keyfiyyətini müasir dövrün tələbləri səviyyəsində qurulmasıdır. K.Rəsulov TİF-in həyata keçirdiyi layihələrin tədrisin keyfiyyətinə müsbət təsir edəcəyinə, MDU ilə TİF arasında bağlanacaq əməkdaşlıq müqaviləsinin hər iki tərəf üçün faydalı olacağına əmin olduğuna bildirdi.   

       Görüşün yekununda “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələri çərçivəsində birgə əməkdaşlıq müqavilələri imzalanıb.