Mingəçevir Dövlət Universitetinin Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin rəhbəri
Lalə Akif qızı Əhmədova ilə müsahibə:
Sual: 1. Mərkəzin fəaliyyətinin təşkili ilə bağlı nəyi qeyd edə bilərsiniz?
Cavab: Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 28.01.2025-ci il tarixli 60 nömrəli qərarı ilə Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzi yaradılmış və 27.02.2025-ci il tarixli 70 nömrəli qərarı ilə Mərkəzin Əsasnaməsi təsdiqlənmişdir. Mərkəzin fəaliyyətinin təşkili ilə bağlı şura yaradılmış və mərkəzə üzvlər seçilmişdir.
Üzvlərimiz universitetimizin turizm və ətraf mühit istiqamətli kafedralarının tədqiqatçılarından və respublikamızın müvafiq sahə üzrə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin, idarələrinin əməkdaşlarından seçilmişdir. Mərkəzə üzv qəbul edilərkən əməkdaşların turizm və ətraf mühit sahələri üzrə tədqiqatlara töhvə verə bilmələri əsas götürülmüşdür.
Sual: 2. Mərkəzin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verə bilərsinizmi?
Cavab: Günümüzdə ali təhsil müəssisələrinin əsas istiqamətləri təhsil ilə yanaşı, keyfiyyətli elmi-tədqiqat fəaliyyəti və nəticələrin ictimaiyyətə çatdırılmasıdır. Buna əsasən, mərkəzin əsas fəaliyyəti turizm və ətraf mühit sahəsində elmi-tədqiqat fəaliyyətini inkişaf etdirmək, Azərbaycan Respublikasının davamlı turizminin inkişafı prosesinə töhvə verməkdir. Ətraf mühitin tədqiq edilməsi və turizmin ətraf mühitə təsiri istiqamətində təhlillər apararaq nəticəyönümlü təkliflərin hazırlanması mərkəzin fəaliyyət istiqamətlərindəndir. Əsas hədəfimiz Mingəçevir Dövlət Universitetini turizm və ətraf mühit sahəsində aparıcı tədqiqat mərkəzinə çevirməkdir.
Sual: 3. Mərkəzin fəaliyyətindən tələbələr nə dərəcədə faydalana bilərlər?
Cavab: Mərkəzimizə müraciət edən tələbələr öz elmi tədqiqatlarında dəstək ala biləcəklər. Mərkəzimizdə tələbələrə müxtəlif ədəbiyyat materiallarının təhlili, araşdırmaların aparılması istiqaməti və tədqiqat nəticələrinin dərc etdirilməsinə köməkliyin göstərilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, tələbələr mərkəzimiz tərəfindən təşkil olunan elmi seminarlara, təlimlərə və konfranslara qoşularaq sahələri üzrə bilik və bacarıqlarını artıra bilərlər.
Sual: 4. Mərkəzin Mingəçevir şəhəri və ətraf regionlar üçün əhəmiyyəti nədir?
Cavab: Qeyd etmək istərdik ki, Mingəçevir şəhərinin turizm potensialı böyükdür. Şəhərin ətraf mühitinin, turizm potensialının tədqiq edilməsi və cəmiyyətə çatdırılması, beynəlxalq sistemdə tanıdılması Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin qarşısında duran əsas məsələlərdəndir. Həmçinin, yerli və beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlığın edilməsi, birgə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, region üçün kadr potensialının təkmilləşdirilməsi, universitetimizdə bu sahədə təhsil alan tələbələrin elmi biliklərinin yüksəldilməsi mərkəzin fəaliyyətində nəzərdə tutulan məsələlərdəndir.
Müsahibəni apardı: Nazim Niftəliyev