Mingəçevir Dövlət Universitetində “Xaricdə təhsil və təqaüd imkanları” mövzusunda seminar keçirilib

28 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Xaricdə təhsil və təqaüd imkanları” mövzusunda seminar keçirilib. Tədbirin açılışını MDU-nun Təcrübə və karyera inkişafı mərkəzinin müdiri Nuran Cəfərov edib.
Seminarın təlimçisi MDU-nun Humanitar fənlər kafedrasının müəllimi, Roma Sapienza Universitetinin məzunu Sənan Mehdi olub. Tədbirdə tələbələrə xaricdə təhsil almaq üçün mövcud imkanlar, beynəlxalq təqaüd proqramları, müraciət qaydaları və tələb olunan sənədlər barədə ətraflı məlumat verilib.

Təlimçi iştirakçılara dünyanın nüfuzlu universitetlərinə qəbul üçün əsas şərtləri, eləcə də təqaüd qazanmaq üçün vacib olan akademik göstəricilər və motivasiya məktubu yazma qaydaları barədə praktiki tövsiyələr verib. Seminarın sonunda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Tədbir iştirakçıları seminarın onlar üçün faydalı olduğunu qeyd edərək, gələcəkdə bu cür maarifləndirici görüşlərin mütəmadi təşkil olunmasının vacibliyini vurğulayıblar.