MDU-ya tələbə qəbulu uğurla başa çatıb

  • Post category:Xəbərlər (AZ)

MDU-ya tələbə qəbulu uğurla başa çatıb

 

2019/2020-ci tədris ilində Mingəçevir Dövlət Universitetinə (MDU) qəbul olan tələbələrin qeydiyyatı başa çatıb. Respublikada ayrı-ayrı ixtisaslar üzrə əmək bazarının səriştəli kadr potensialına olan tələbatı nəzərə alınaraq son illər MDU-nun qəbul planı və qəbul olunan tələbələrin sayı ildən-ilə artır.

2019-2020-ci tədris ilində MDU-ya ali təhsilin bakalavriat səviyyəsində 3 fakültə, 23 ixtisas üzrə 649 nəfər tələbə qəbul olunub, başqa sözlə qəbul planı 84,28% təmin olunub. O cümlədən: İqtisadiyyat və idarəetmə fakültəsinə 9 ixtisas üzrə 263, Pedaqoji fakültəyə 7 ixtisas üzrə 254, Mühəndislik fakültəsinə isə 7 ixtisas üzrə 132 nəfər qəbul olunaraq qeydiyyatdan keçib. 121 nəfər tələbə dövlət sifarişi əsasında, 528 nəfər tələbə isə ödənişli əsaslarla qəbul olunub.

Məmnunluqla deyə bilərik ki, MDU-da bu ilki tədris ilində də tələbə qəbulunda uğurlu nəticələr əldə edilib.

Belə ki, ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə MDU-ya qəbul olunanların ümumi sayı 684 nəfər təşkil edib. Onlardan yuxarıda qeyd edildiyi kimi 649 nəfər tələbə 23 ixtisas üzrə bakalavriat səviyyəsinə, 35 nəfər isə 11 ixtisaslaşma üzrə magistratura səviyyəsinə qəbul olunub. Bakalavriat səviyyəsi üzrə qəbul planı 84,28%, magistratura səviyyəsi üzrə isə 97,22% yerinə yetirilib. Bakalavriat səviyyəsi üzrə qəbul olan tələbələrdən 133 nəfəri yəni, 20,49% subbakalavrdır.

Qeyd edək ki, bu ilki qəbulda dövlət sifarişi əsasında təhsil alacaq tələbərin sayında da əhəmiyyətli artım nəzərə çarpır. Belə ki, MDU üzrə bakalavriat səviyyəsinə qəbul olan tələbələrin 18,64% dövlət sifarişli, 81,36%-i ödənişli əsaslarla təhsil alacaq. Magistratura səviyyəsinə qəbul olan tələbələrin isə 14,28%-ə qədəri dövlət sifarişi əsasında təhsil alacaq. Bakalavriat və magistratura səviyyələri üzrə güzəştli (imtiyazlı) kateqoriyaya düşən tələbələrin sayı isə 116 nəfərdir. Təhsil Nazirliyinin tövsiyəsini nəzərə alaraq, bu il aztəminatlı ailələrdən olan və ödənişli əsaslarla qəbul olan 118 nəfər tələbəyə ilkin olaraq illik təhsil haqqının 50% ödəyərək qeydiyyatdan keçmək üçün imkan yaradılıb.

Cari tədris ilində daha çox bal toplayan abituriyentlər arasında region ali təhsil müəssisəsi kimi MDU-nu seçənlərin sayı da kifayət qədər yüksək olub. 450-600 və daha yüksək bal toplayan tələbələr əsasən Riyaziyyat və informatika müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Tarix müəllimliyi, Xarici dil müəllimliyi, Maliyyə, Turizm və otelçilik, Marketinq, Dövlət və bələdiyyə idarəetməsi, Sənayenin təşkili və idarə olunması, “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi”, “İstilik energetikası mühəndisliyi”, “Ekologiya” və s. ixtisasları seçiblər.

Məlumat üçün bildirək ki, təbiət, fundamental, humanitar və iqtisadi elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan Mingəçevir Dövlət Universitetində hazırda təhsil alan tələbələrin ümumi sayı 2500-dən çoxdur. Hazırda universitetdə 67 bölgənin nümayəndəsi təhsil alır.

Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində uğurlu göstəricilərdir. Bu uğurlu göstəricilərə isə son illər MDU-da idarəetmə və təhsil sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində nail olunub.