Azərbaycan müəllimi, 15.07.2022
2021/2022-ci tədris ili: mövcud imkanlar, tədris və elmi fəaliyyətdə yeniliklər
2021/2022-ci tədris ili Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü, eləcə də ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar olaraq bir çox əlamətdar hadisələrlə yadda qalmışdır.
Reallıqlar, dövlət dəstəyi və strateji hədəflər
Eyni zamanda, dünyada pandemiyanın davam etdiyi bir şəraitdə Azərbaycanda COVID-19 infeksiyasına qarşı həyata keçirilən effektiv mübarizə tədbirləri sayəsində uzunmüddətli fasilədən sonra cari tədris ilində respublikamızın ali təhsil müəssisələrində, o cümlədən Mingəçevir Dövlət Universitetində (MDU) ənənəvi təhsil müəyyən məhdudiyyətlərlə bərpa, tədris və təlim-tərbiyə prosesi mövcud qaydalara uyğun təşkil edilmişdir.
Dövlət başçısının ali təhsil sahəsində qarşıya qoyduğu vəzifələrdən irəli gələrək hökumət tərəfindən qəbul edilmiş yeni qaydalar və təlimatlar, Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə ali təhsil müəssisələri tərəfindən həyata keçirilən tədbirlər, eləcə də universitetlərdə əldə edilən təcrübələr və yaradılan yeni imkanlar cari tədris ilinin uğurla başa çatdırılmasına və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur.
Strateji olaraq yeni dövrün universitetinə çevrilməyi, paytaxtın qabaqcıl universitetləri səviyyəsində ali təhsil xidmətləri göstərməyi, ölkəmizin, o cümlədən regionun hərtərəfli inkişafına davamlı töhfə verməyi hədəfləyən MDU-da bütün fəaliyyətlər milli və beynəlxalq ali təhsil məkanında müşahidə olunan inkişaf trendləri, meydana çıxan yeni çağırışlar və reallıqlar, eləcə də mövcud potensial nəzərə alınaraq həyata keçirilmişdir.
Mövcud potensial və modernləşmə
Hazırda universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 24 ixtisas (bakalavriat) və 14 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilir. Üç fakültənin və on kafedranın mövcud olduğu universitetdə 2021/2022-ci tədris ilində ümumilikdə 3000-ə yaxın tələbə və magistrant təhsil alıb. Bütövlükdə 300-dən çox əməkdaşı olan MDU-da 195 professor-müəllim heyəti çalışır ki, onlardan 5 nəfərin elmlər doktoru, 57 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfərin professor və 43 nəfərin isə dosent elmi adı vardır. Bundan əlavə, cari tədris ilində MDU-da Türkiyənin Qazi Universitetindən 2 professor fəaliyyət göstərmişdir.
Ali təhsilə dövlətin yüksək diqqət və qayğısı, yerli və xarici tərəfdaşların dəstəyi, universitetin tələbə və müəllim kollektivinin əməyi, eləcə də idarəetmədə səmərəliliyin, çevikliyin və şəffaflığın artırılması sayəsində cari tədris ilində MDU-nun potensialının inkişafı və modernləşməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunmuşdur. Hesabat dövründə tədrisin hibrid formatda səmərəli təşkilinə nail olunmuş, elmi fəaliyyətdə müsbət kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş, sosial sahədə fəaliyyətlər genişlənmiş, idarəetmənin strukturu müasir tələblərə uyğun daha da təkmilləşdirilmiş və rəqəmsallaşdırılmış, yerli və beynəlxalq tərəfdaşlıqlar, sənaye ilə işbirliyi gücləndirilmişdir.
Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan MDU-da təhsilalanların və təhsilverənlərin hərtərəfli inkişafına şərait yaradan əlverişli təhsil mühitinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Tələbələrin müasir bilik və bacarıqlar əldə etməsi ilə yanaşı, onların milli-mənəvi dəyərlər əsasında və vətənpərvərlik ruhunda tərbiyə olunmasına, tədqiqat, yaradıcılıq və digər qabiliyyətlərinin inkişafına, startap fəaliyyətlərinin təşviqinə və universitet idarəçiliyinə fəal cəlb olunmasına mühüm önəm verilir. Eləcə də, akademik, inzibati və texniki heyət üzvlərinin bilik və bacarıqlarının artırılması, onların karyera inkişafı, sosial rifahı və əmək şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.
Regional ekosistemin drayverinə çevrilməklə milli ali təhsil məkanında mövqeyini daha da gücləndirməyi hədəfləyən MDU-da əmək bazarının müasir tələblərinə uyğun olaraq kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədqiqat və innovasiya potensialının gücləndirilməsi, mövcud infrastrukturun və maddi-texniki bazanın genişləndirilməsi və yenilənməsi, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, müvafiq dövlət və özəl qurumlar ilə işbirliyinin səmərəliliyinin artırılması prioritet fəaliyyət istiqamətlərini təşkil edir.
2021/2022-ci tədris ili üçün MDU-da bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu planının əvvəlki dövrlərlə müqayisədə daha çox yerinə yetirilməsini, eyni zamanda universitetə yüksək balla qəbul olan tələbələrin sayında artımın müşahidə edilməsini son dövrdə MDU-nun imicinin yüksəldilməsi və modernləşməsi istiqamətində görülən işlərin ilkin nəticəsi kimi qiymətləndirmək olar.
Hazırda dövlətin hərtərəfli dəstəyi ilə universitetin müasir tələblərə cavab verən yeni kampusunun yaradılması istiqamətində müvafiq işlər davam etdirilir. Cari il iyunun 28-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə kampus ərazisinə baxış keçirilmişdir. Yaxın gələcəkdə modern infrastruktura malik yeni kampusun istifadəyə verilməsi MDU-nun yeni dövrün universitetinə çevrilməsi yolunda qarşıya qoyduğu hədəflərə doğru sürətlə irəliləməsinə zəmin yaradacaqdır.
Tədrisin səmərəli təşkili və keyfiyyət təminatı
2021/2022-ci tədris ilində MDU-da ənənəvi tədrisə qayıdış Nazirlər Kabinetinin müvafiq Qərarlarına, Təhsil Nazirliyinin müvafiq əmrləri və təlimatlarına əsasən həyata keçirilmişdir. Xüsusi karantin rejiminin mövcud tələbləri, qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər, mövcud infrastruktur imkanlar, təhsilalanların və akademik heyətin COVID-19 infeksiyasından maksimum qorunması amilləri nəzərə alınmaqla Elmi Şura tərəfindən cari tədris ilində universitetdə tədrisin və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qaydalar qəbul edilmişdir.Qaydalara əsasən MDU-da mühazirə dərsləri məsafədən, məşğələ və laboratoriya dərsləri əyani olmaqla tədris prosesi hibrid formatda təşkil edilmişdir.
Yeni şəraitdə keyfiyyətli tədrisin təmin edilməsi, hibrid təhsil prosesində tələbələrin yüksək davamiyyətinə, fəallığına və mənimsəmə səviyyəsinə, biliyin qiymətləndirilməsi üzrə optimal mexanizmin tətbiqinə nail olunması qarşıya qoyulan əsas vəzifələrdən olmuşdur. Təhsil Nazirliyinin müvafiq dəstəyi, onlayn kommunikasiya alətlərinin geniş tətbiqi, infrastruktur imkanların və kadr potensialının səfərbər olunması, ötən dövr ərzində əldə edilmiş müsbət təcrübə və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş çevik tədbirlər sayəsində MDU hesabat dövründə bu vəzifələrin öhdəsindən uğurla gələ bilmiş, hibrid formatda təşkil olunan tədris prosesinin davamlılığını və əlçatanlığını təmin etmiş, yüksək tələbə məmnunluğuna nail olmuşdur.
Hesabat dövründə MDU-da imtahan sessiyaları Azərbaycan Respublikasının təhsil nazirinin “2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 10 dekabr 2021-ci il tarixli və “2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 19 may 2022-ci il tarixli əmrlərinin tələbləri və bunlara uyğun olaraq universitet rektorunun müvafiq əmrləri ilə təsdiq edilmiş qaydalar əsasında əyani formada təşkil edilmişdir. İmtahanların şəffaf, obyektiv və mütəşəkkil keçirilməsi məqsədilə MDU-da hər bir struktur bölməyə konkret tapşırıqlar verilmiş, dəqiq funksional iş bölgüsü aparılmış və digər bütün zəruri addımlar atılmışdır.Cari tədris ilinin payız və yaz imtahan sessiyalarının hər birində 3000-dən çox tələbə və magistrant 900-dən çox imtahanda iştirak etmişdir.
Mühazirə mətnləri, təqdimatlar, dərslik və dərs vəsaitləri, imtahan sualları və onların xülasə şəklində cavablarının elektron formatda tələbələrə çatdırılması tədris olunan fənlərin tələbələr tərəfindən mənimsənilmə səviyyəsinin yüksəlməsinə və onların akademik göstəricilərinin daha da yaxşılaşmasına şərait yaratmışdır. Son üç tədris ilində MDU tələbələrinin müvəffəqiyyət göstəricisi 95 faiz və ondan çox olmuşdur. Keyfiyyət göstərcisi isə təqribən 40 faizə qədər yüksəlmişdir. Müqayisə üçün qeyd edək ki, 2018/2019-cu tədris ilinin yaz semestrində müvəffəqiyyət və keyfiyyət göstəriciləri müvafiq olaraq, 78,9 və 18,7 faiz təşkil etmişdir (şəkil 1).
Aparılan sorğulara əsasən, 2021/2022-ci tədris ilində imtahan sessiyalarını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları operativ surətdə aradan qaldırmaq məqsədilə həyata keçirilən sistemli və kompleks tədbirlər tələbə və müəllim kollektivi, eləcə də valideynlər və şəhər ictimaiyyəti nümayəndələri tərəfindən yüksək qiymətləndirilmiş və böyük məmnunluqla qarşılanmışdır.
Cari tədris ilində MDU-da tədrisin məzmununun təkmilləşdirilməsi və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq laboratoriyaların və digər zəruri infrastrukturun yaradılması diqqət mərkəzində saxlanılmışdır. Belə ki, cari ildə universitetdə iki laboratoriya – “Kimya” və “Kiber Təhlükəsizlik” laboratoriyaları istifadəyə verilmişdir. Kimya laboratoriyası kimya, fizika və ekologiya istiqaməti üzrə spesifik tədqiqatların yerinə yetirilməsi, aidiyyəti fənlərin tədrisi zamanı müvafiq texniki və elmi təcrübələrin aparılması üçün zəruri avadanlıqlarla təchiz olunmuşdur. Kiber Təhlükəsizlik laboratoriyası isə Təhsil Nazirliyinin qrantı əsasında həyata keçirilən “Mingəçevir Dövlət Universitetində Kiber Təhlükəsizliklə bağlı Fənlərin Tədrisinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaradılmışdır. Zəruri proqram təminatına malik 22 kompüterin mövcud olduğu laboratoriyanın açılışında təhsil naziri iştirak etmişdir. İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kompüter mühəndisliyi ixtisasları üzrə seçilmiş fənlərin tədrisinin həyata keçiriləcəyi laboratoriya müvafiq istiqamətlər üzrə tədqiqatların aparılmasına da imkan verəcək. Qeyd edək ki, sözügedən layihənin əsas məqsədi informasiya texnologiyaları təhsili sahəsində MDU-nun potensialını artırmaqdan, kiber təhlükəsizlik üzrə modern təhsil modeli yaratmaqdan, tələbə, müəllim, məzun və tərəfdaşlar arasında kiber təhlükəsizliklə bağlı maarifləndirmə işini gücləndirməkdən ibarətdir.
Hesabat dövründə MDU-da tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə yaradılan İşçi Qrupu universitetdə tədrisin qabaqcıl yerli və beynəlxalq təcrübə əsasında müasir tələbələrə uyğun təkmilləşdirilməsi və məzmununun yenilənməsi ilə bağlı təkliflərin hazırlanması və reallaşdırılması istiqamətində fəaliyyət göstərmişdir.
Bunlarla yanaşı, cari tədris ilində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə əməkdaşlığın qurulması və bu çərçivədə MDU-nun akademik və inzibati heyət üzvləri üçün yeni akkreditasiya qaydaları, sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi barədə maarifləndirici seminarların keçirilməsi universitetdə ali təhsilin keyfiyyətinin təminatına və yaxşılaşdırılmasına hədəflənmişdir.
Elmi fəaliyyətdə müsbət dəyişikliklər və yeni meyillər
Ölkənin və regionun inkişafına töhfə verən, səmərəli və nəticəyönümlü elmi fəaliyyətin həyata keçirilməsini diqqət mərkəzində saxlayan MDU-da son dövrdə elmi potensialın inkişaf etdirilməsi sahəsində görülən işlər nəticəsində müsbət keyfiyyət dəyişiklikləri müşahidə edilmiş və yeni meyillər meydana çıxmışdır.
Hesabat dövründə universitetdə beşillik elmi-tədqiqat işlərinin təsdiq edilmiş planı çərçivəsində dörd elm sahəsi üzrə (təbiət elmləri, texniki elmlər, ictimai elmlər, humanitar elmlər) ümumilikdə 16 problemi və 43 mövzunu əhatə edən müvafiq tədqiqatların aparılması davam etdirilmişdir.
MDU-da akademik heyət üzvlərinin tədqiqat bacarıqlarının artırılmasına və elmi fəaliyyətlərinin təşviq edilməsinə xüsusi diqqətin göstərilməsi, elmi nəşrlərdə dərc edilən əsərlərə görə əməkdaşların mükafatlandırılması universitetdə elmi fəaliyyətin genişlənməsinə və nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilən məqalələrin sayının artmasına səbəb olmuşdur.2019-cu ildən 2022-ci ilin yarısınadək MDU əməkdaşlarının “Web of Science” bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrinin sayı (20 ədəd) 1991-2018-ci illər üzrə müvafiq göstəricidən (8 ədəd) 2,5 dəfə çox olmuşdur. Ümumilikdə, bu günə qədər sözügedən bazaya daxil olan jurnallarda universitetin akademik heyət üzvlərinin 28 məqaləsi dərc olunmuşdur (şəkil 2).
MDU tarixində ilk elmi jurnal hesab edilən “Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalının birinci və ikinci buraxılışları çap olunmuş və elektron variantda universitetin rəsmi saytında yerləşdirilmişdir. Jurnal Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) və E-ISSN kodu almış, “Academic Resource Index ResearchBib” beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazasına, eləcə də Ali Attestasiya Komissiyasının iqtisad elmləri üzrə Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.
MDU-da yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin doktoranturasında universitetin gənc əməkdaşları və məzunlarının təhsil almasına xüsusi diqqət yetirilmişdir. Hazırda universitetin 31 əməkdaşı fəlsəfə doktoru proqramı, 6 əməkdaşı isə elmlər doktoru proqramı üzrə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində və AMEA-nın sahə institutlarında dissertant və doktorantdırlar. 2021/2022-ci tədris ilində universitetin 5 əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə etmiş, 8 nəfər doktorant və dissertant dissertasiya işlərini başa vurmuş və müdafiə ərəfəsindədir.Bundan əlavə, MDU-nun 1 əməkdaşı və 1 məzunu Türkiyənin Qazi Universitetində müvafiq olaraq “Təhsilin idarə edilməsi” və “Kompüter elmləri” ixtisasları üzrə doktorantura təhsili alırlar.Universitetin digər bir əməkdaşı isə doktorantura təhsilini Erasmus+ proqramı çərçivəsində Sloveniya Respublikasının Nova Gorica Universitetində davam etdirmişdir.
Hesabat dövründə MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılması üzrə yaradılan İşçi Qrupunun təklifləri əsasında MDU-da magistr hazırlığının və doktorantlarla işin təkmilləşdirilməsi, müvafiq ixtisaslar üzrə doktorantura təhsilinin təşkili məqsədilə Magistratura və Doktorantura Təhsil Mərkəzi yaradılmış, “Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar” Tədqiqat Mərkəzi təsis edilmişdir.
2022-ci ilin may ayında AMEA-nın İqtisadiyyat İnstitutu və MDU arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum elmi potensialın gücləndirilməsi məqsədilə tərəflər arasında müvafiq istiqamətlər üzrə birgə fəaliyyətlərin reallaşdırılmasını özündə ehtiva edir. İqtisadiyyat İnstitutu ilə əməkdaşlıq çərçivəsində MDU-da “Davamlı inkişafın milli prioritetləri və müasir transformasiya siyasətinin reallıqları” mövzusunda ilk birgə elmi konfrans keçirilmişdir.
MDU-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinin araşdırılması və tələbə gənclərə ötürülməsinə prioritet əhəmiyyət verilmiş, Ulu Öndərin anım gününə, anadan olmasının 99-cu ildönümünə və Milli Qurtuluş Gününə həsr olunan müxtəlif elmi tədbirlər keçirilmişdir. 2021/2022-ci tədris ilində “Tarixi reallıqlara çevrilmiş Heydər Əliyev ideyaları”, “Heydər Əliyev dühası və müasir Azərbaycan” və “15 iyun 1993-cü il: Azərbaycan xalqının parlaq gələcəyə aparan yolun başlanğıcı”mövzularında 3 elmi konfrans, “Ulu Öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyası” və “Heydər Əliyev irsi müasir Azərbaycanın mədəni və intellektual sütunudur” mövzularında 2 elmi seminar, “Heydər Əliyev dühası və müstəqil Azərbaycan dövləti” mövzusunda “dəyirmi masa”, “Heydər Əliyev: dahi şəxsiyyət və tarix yaradan şəxsiyyət” və “Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz edən xilaskar lider” mövzularında 2 silsilə mühazirələr təşkil edilmişdir.
2021-ci ilin 10-11 dekabr tarixlərində Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici ofisinin, tərəfdaş yerli və xarici universitetlərin dəstəyi ilə MDU tarixində ilk dəfə olaraq “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Eyni zamanda, MDU “Mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat” mövzusunda 4-cü beynəlxalq konfransa və “Dayanıqlı ağıllı kənd təsərrüfatı və islam maliyyəsi” mövzusunda 2-ci Karatay Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyəsi Konfransına tərəfdaşlıq etmişdir. Habelə, cəmiyyətin aktual problemlərinə və əlamətdar tarixi günlərə həsr olunan, o cümlədən Qarabağ Zəfərinin birinci ildönümü, “Şuşa İli”, Dövlət müstəqilliyinin bərpasının 30 illiyi, Müstəqillik Günü, Silahlı Qüvvələr Günü, 20 Yanvar faciəsinin 32-ci ildönümü, Xocalı soyqırımının 30-cu ildönümü, Elm Günü, Energetiklər Günü və Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illiyi münasibətilə elmi tədbirlərin, eləcə də yerli və xarici tərəfdaş universitetlər və sənaye qurumları ilə birgə konfransların, nəzəri-praktiki seminarların, “dəyirmi masa”ların və mühazirələrin keçirilməsinə xüsusi önəm verilmişdir.
Bundan əlavə, magistrantlar tərəfindən həyata keçirilən tədqiqatların əsas nəticələrinin geniş ictimaiyyətə çatdırılması məqsədilə MDU-da ilk dəfə olaraq “Poster Sessiyaları” təşkil olunmuşdur. Cari ilin iyunun 28-də keçirilən ilk sessiyada Azərbaycan Respublikasının təhsil naziri də iştirak etmişdir.
(ardı var)
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru