2025-ci ilin 25 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir Turizm Kollecində (MTK) olub. İki təhsil müəssisəsi arasında mümkün əməkdaşlıq istiqamətləri, qarşılıqlı maraq doğuran fəaliyyətlər və gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə təşkil edilmiş görüşdə kollecin rəhbərliyi və akademik-inzibati heyət üzvləri iştirak edib.
Tədbiri açan MTK-nın direktoru Kamal Əhmədov rektor A.Eminovun kollektivlə görüş təşəbbüsünü yüksək qiymətləndirib. O, bu cür qarşılıqlı əlaqələrin regionda təhsilin keyfiyyətinə və davamlı inkişafına müsbət töhfə verəcəyini bildirib. K.Əhmədov kollecin fəaliyyət istiqamətləri, mövcud tədris resursları, maddi-texniki baza və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı ilə bağlı ətraflı məlumat verib.
Göstərilən diqqət və dəvət üçün təşəkkürünü bildirən rektor çıxışında ali təhsil müəssisələri ilə orta ixtisas təhsili verən müəssisələr arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, bu istiqamətdə atılacaq birgə addımlar tələbələrin davamlı təhsil imkanlarına çıxışını genişləndirəcək, onların karyera planlamasına və əmək bazarına inteqrasiyasına daha əlverişli şərait yaradacaq. Rektor xüsusilə, turimz ixtisasları başda olmaqla birgə layihələrin, təlim proqramlarının, təcrübə mübadilələrinin və elmi-metodiki əməkdaşlığın qarşılıqlı fayda gətirəcəyini diqqətə çatdırıb.
Səmimi formatda keçən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müxtəlif əməkdaşlıq imkanları ilə bağlı təklif və təşəbbüslər dinlənilib.
Görüşün sonunda kollecin maddi-texniki bazası ilə yaxından tanış olunub, tədris otaqları, laboratoriyalar, kitabxana və digər tədris imkanlarına baxış keçirilib.
Qeyd edək ki, bu cür görüşlər ali və orta ixtisas təhsili müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsində, təhsildə səmərəliliyin artırılmasında və regionda bilik əsaslı inkişafın təşviqində mühüm əhəmiyyət daşıyır.