02 oktyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mexanika kafedrasında Sənaye mühəndisliyi ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan bir qrup tələbə Mingəçevir Tekstil MMC-yə ekskursiya edib. tələbələrin nəzəri biliklərini praktiki mühitdə tətbiq etmələri və sənaye prosesləri ilə yaxından tanış olmaları əsas məqsəd olub.
Təməli 21 sentyabr 2016-cı ildə qoyulan Mingəçevir Sənaye Parkı, 27 fevral 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılıb. Hal-hazırda parkda iki fabrik fəaliyyət göstərir. Bu fabriklərdə pambıq mahlıcından ildə 10 min ton “Ring” və 10 min ton “Open End” üsulu ilə müxtəlif növ iplik istehsal olunur.
Ekskursiya zamanı tələbələr istehsal prosesləri, texnoloji avadanlıqlar və istehsalatın idarə edilməsi ilə yaxından tanış olublar. Onlar istehsalat rəisi Hüseyn Həşimovdan müəssisənin fəaliyyəti, məhsul çeşidləri və istehsal texnologiyaları haqqında ətraflı məlumat alıblar.
Tələbələr yaradılan şəraitə görə MDU rəhbərliyi və Mingəçevir Tekstil MMC-nin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qeyd edək ki, Mingəçevir Azərbaycanın 4-cü sənaye şəhəridir və burada yerləşən sənaye müəssisələri ölkənin iqtisadiyyatında mühüm rol oynayır. MDU regionun lider universiteti olaraq, tələbələrinə keyfiyyətli təhsil verməklə yanaşı, onların sənaye müəssisələri ilə sıx əlaqələr qurmasına da xüsusi önəm verir.