Mingəçevir Dövlət Universiteti (MDU) tələbələrin istehsalat təcrübəsi imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə 2025-ci ilin 1 avqust tarixində universitetin nümayəndə heyəti ilə “Gabala Hospitality Group” şirkətinə daxil olan hotellərin nümayəndələri arasında Qəbələ şəhərində yerləşən “Qafqaz Riverside Hotel”də görüş keçirilib.
Görüşdə MDU-nun tədris prosesinin təşkili və idarə olunması məsələləri üzrə rektor müşaviri Ceyhun Mahmudov, sosial məsələlər üzrə rektor müşaviri Elvin Məmmədzadə, Daxili nəzarət şöbəsinin müdiri Elçin Əliyev və İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Qurban Qurbanzadə, “Gabala Hospitality Group” şirkətinin İnsan Resursları üzrə direktoru Babək Müzəffərov və digər nümayəndələr iştirak ediblər.
Tərəflər Turizm işinin təşkili, Turizm bələdçiliyi, Biznesin idarə edilməsi, Maliyyə, Elektrik və elektronika mühəndisliyi ixtisasları və Turizm və hotelçilik ixtisaslaşması üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin təşkili, peşəkar bacarıqlarının artırılması və real iş mühitində təcrübə keçmələri ilə bağlı məsələləri müzakirə ediblər. Görüş zamanı tələbələrin “Qafqaz Tufandağ Mountain Resort”, “Qafqaz Riverside Hotel”, “Gabala Shooting Club” və digər xidmət müəssisələrində təcrübəyə cəlb olunması ilə bağlı razılıqlar əldə olunub.
Tərəflər arasında əməkdaşlığın hüquqi müstəvidə təsdiqlənməsi mə qsədi daşıyan Memorandumun detalları, tərəflərin öhdəlikləri, hüquq və vəzifələri müzakirə olunub. Əmədkaşlığın məqsədi turizm və qonaqlama sahəsində elmi biliklərlə praktiki bacarıqların inteqrasiyası əsasında ixtisaslı və peşəkar kadrların hazırlanması, innovasiya fəaliyyətinin dəstəklənməsi və regionun xidmət sektorunun inkişafına töhfə verilməsidir.
Əməkdaşlıq çərçivəsində təhsil və təcrübə sahəsində əməkdaşlıq, elmi-tədqiqat və innovasiya təşəbbüsləri, insan resurslarının inkişafı, sosial və ictimai təşəbbüslər üzrə birgə fəaliyyət nəzərdə tutulur. Tərəflər universitet tələbələri üçün təcrübə proqramlarının təşkili, turizm mütəxəssislərinin qonaq müəllim qismində tədris prosesinə cəlb olunması, birgə elmi layihələrin həyata keçirilməsi və karyera imkanlarının yaradılması istiqamətində bir sıra konkret addımlar atmağı planlaşdırırlar.
“Gabala Hospitality Group” şirkətinin nümayəndələri universitetin bu istiqamətdəki təşəbbüsünü yüksək qiymətləndirərək, birgə fəaliyyətə və uzunmüddətli əməkdaşlığa hazır olduqlarını bildiriblər.