Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Mingəçevir Gənclər Evinin Sosial Xidmət Müəssisəsi (Mingəçevir Gənclər Evi) tərəfindən tələblərlə məlumatlandırıcı görüş keçirilib.
Mingəçevir Gənclər Evinin müdir müavini Eşqin Məmmədov mərkəzin fəaliyyət istiqamətləri barədə gənclərə ətraflı məlumat verib. Bildirib ki, müəssisə ölkədə həyata keçirilən gənclər siyasətini geniş miqyasda təbliği ilə yanaşı, məlumat-maarifçilik fəaliyyətini, bu sahəyə dəstək verilməsini təşviq edir. Qeyd edib ki, Mingəçevir Gənclər Evinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi, gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının səmərəli təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsidir.
Müəssisənin dərnək rəhbərləri Aynaz Quliyeva, Ruziyyə Mustafabəyli, Pənah Kərimov və könüllüləri müəssisənin uzun müddətli proqramları ilə bağlı ətraflı çıxış ediblər. Onlar gənclər arasında könüllü fəaliyyətin təbliğ olunması məqsədilə, iştirakçılara könüllü olmaqla əldə edəcəkləri üstünlüklər, bilik və bacarıqlardan danışıb. Tələbələrin asudə vaxtlarını səmərəli və maraqlı şəkildə təşkil etmələri üçün mövcud imkanları onların diqqətinə çatdıran əməkdaşlar sonda iştirakçıları maraqlandıran sualları cavablandırıb, onların təkliflərini dinləyib.