MDU-da Maya Hacıyevanın 110 illiyinə həsr olunmuş riyaziyyat gecəsi keçirilib

  • Post category:Riyaziyyat / Təhsil

2024-cü ilin 24 mayında Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya: Maya Hacıyevanın 110 illiyinə həsr olunmuş riyaziyyat gecəsi” adlı tədbir keçirilib. MDU-nun Riyaziyyat kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə Təhsil fakültəsinin akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.

Əvvəlcə, ulu öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İştirakçıları salamlayan Riyaziyyat kafedrasının müdiri Rövşən Babayev tələbə gənclərin dünyagörüşünün, bilik və bacarıqlarının artırılmasında belə təşəbbüslərin önəmini diqqətə çatdırıb və gecənin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. O, Azərbaycanın ilk riyaziyyatçı qadın alimi kimi tarixə düşən Maya Hacıyevanın bütün ömrünün təhsilə və tələbələrinə həsr etdiyini vurğulayıb.

Sonra Maya Hacıyevanın yaradıcılıq fəaliyyətindən bəhs edən və “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı haqqında videoçarxlar nümayiş olunub.

Tədbirin davamında mövzu ilə bağlı məruzələr dinlənilib. Riyaziyyat kafedrasının dosenti Mehman Rəsulov “Maya Hacıyeva xatirələrdə” adlı mövzu ilə çıxış edərək müəllimi olmuş Maya Hacıyevanın elmi-pedaqoji fəaliyyətindən danışıb. Bildirib ki, onun dərs dediyi tələbələri hazırda ölkənin ali və orta təhsil ocaqlarında, eləcə də digər elm və peşə sahələrində çalışırlar. Maya xanımdan bəhrələnən bir çox ziyalılar indi onu əvəzolunmaz şəxsiyyət, fədakar elm xadimi, qayğıkeş ana kimi xarakterizə edirlər.

Dosent M.Rəsulovun rəhbərliyi ilə hazırlanan gecədə MDU-nun Təhsil fakültəsinin tələbələri Kubraxanım Nuriyeva “Yaşıl dünyada riyaziyyat”, Elnarə Əhmədova “Müəllim haqqında müdriklərin söylədikləri şeirlər və kəlamlar”, Mələk Nəbizadə “Azərbaycanın digər Riyaziyyatçı qadınları haqqında”, Zərifə Muxtarova “Türk riyaziyyatçı qadınları” və Nazəni Qasımova “Dünya Riyaziyyatçı qadınları” adlı mövzularda çıxışlar ediblər. Məruzələr dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Kafedra tərəfindən təşkil olunan digər riyaziyyat gecələrində keçirilmiş müsabiqələrdə qalib gələn tələbələr mükafatlandırılıb. Qaliblərdən olan Riyaziyyat və informatika müəllimliyi ixtisasının II kurs tələbəsi Xasay Babaşov yoldaşları adından gənclərin hərtərəfli inkişafında xüsusi dəstək göstərən müəllimlərinə və universitet rəhbərliyinə xüsusi təşəkkürlərini bildirib.

Tədbir bədii hissə ilə davam edib. Tələbələrin və şəhər məktəblilərinin iştirakı ilə səsləndirilən şeir və mahnılar, nümayiş olunan rəqs gecəyə xüsusi rəng qatıb. İştirakçılar gecənin yüksək səviyyədə keçirilməsindən və rəngarəng çıxışlardan razı qaldıqlarını bildirdilər. Sonda “Yaşıl dünya üçün həyat verək” sloqanı ilə iştirakçılara kiçik hədiyyələr bəxş olunub.