2024-cü il yanvarın 19-da Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin təşkilatçılığı ilə Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir” mövzusunda mühazirə keçirilib. Mühazirədə MDU-nun professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak edib.
Əvvəlcə, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov diqqətə çatdırıb ki, 34 il öncə müstəqil dövlətçilik tariximizin acılı, lakin şərəfli günləri yaşanıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra həmin hadisəyə hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdıran dekan 20 Yanvar şəhidlərinin xatirəsinin hər birimizin qəlbində əbədi yaşayacağını vurğulayıb.
Açılış nitqindən sonra 20 Yanvar hadisələrinə aid videoçarx nümayiş etdirilib.
Daha sonra tədbirin proqramına uyğun olaraq MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi Mətanət Yusifova məruzə ilə çıxış edib. Məruzədə qanlı Yanvar hadisəsinin səbəbləri, tarixi kökləri, faciəvi nəticələri barədə məlumat verilib. Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, MDU-da 20 Yanvar faciəsinə həsr edilən müxtəlif formatlı silsiləvi tədbirlər keçirilir.